Mənzil məsələsi cəmiyyətlərdə bərabərliyin real formada özünü göstərdiyi əsas sahələrdən biridir və qadınların təhlükəsizliyi, iqtisadi müstəqilliyi və sosial rifahı ilə birbaşa bağlıdır.
Aznews.azxəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed WUF13 çərçivəsində keçirilən tədbirlərin birindəki çıxışında deyib.
O qeyd edib ki, təhlükəsiz və əlçatan mənzil qadınlar üçün yalnız sığınacaq deyil, həm də ləyaqət məkanı və yeni imkanların təməlidir.
Amina Mohammed vurğulayıb ki, ev qadınlara təhsil almaq, işləmək, zorakı münasibətlərdən uzaqlaşmaq və öz həyatlarını müstəqil şəkildə qurmaq imkanı verir.
Baş katibin müavini bildirib ki, dünyada sürətlə dərinləşən mənzil böhranı hər kəsə eyni şəkildə təsir etmir. Onun sözlərinə görə, xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan qadınlar, miqrantlar, əlilliyi olan qadınlar, yerli icmaların nümayəndələri və münaqişələr səbəbindən məcburi köçkün düşən qadınlar daha ciddi problemlərlə üzləşirlər.