AZ

Ukraynada müharibə nəticəsində 13 mln kvadratmetrdən çox yaşayış fondu dağıdılıb

Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində Ukraynada 13 mln kvadratmetrdən çox yaşayış fondu dağıdılıb. Bunu Ukrayna Ali Radasının komitə sədri Olena Shuliak Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, dağıntılar 2,5 mln-dan çox ailəyə təsir edib, zərər görmüş yaşayış sahələrinin ümumi həcmi isə 50 mln kvadratmetrdən artıq qiymətləndirilir.

Shuliak bildirib ki, hazırda 5 mln-dan çox ukraynalı mənzil itkisi ilə bağlı rəsmi zərərçəkmiş statusuna malikdir, 6 mln-dan çox vətəndaş isə ölkəni tərk etməyə məcbur olub.

O qeyd edib ki, Ukrayna mənzil problemini həll etmək üçün həm qısamüddətli, həm də uzunmüddətli mexanizmlərə ehtiyac duyur. Bu məqsədlə ölkədə dağıdılmış mənzillərə görə kompensasiya proqramı, güzəştli ipoteka alətləri və sosial mənzil tikintisi üzrə yeni qanunvericilik bazası hazırlanıb.

“Bu günə qədər 200 mindən çox ukraynalı kompensasiya proqramından, 30 min ailə isə dövlət ipoteka proqramından yararlanıb”, – Shuliak bildirib.

Onun sözlərinə görə, Ukrayna parlamenti bu il beynəlxalq və Avropa institutları ilə birlikdə yeni mənzil siyasəti çərçivəsini qəbul edib. Bu sənəd milli, regional və yerli mənzil strategiyalarının hazırlanmasına, həmçinin sosial mənzil tikintisinə başlamağa imkan verir.

Shuliak bildirib ki, Ukrayna üçün mənzil məsələsi təkcə bərpa prosesi deyil, həm də “insan ləyaqəti və vətəndaşların ölkədə qalması” məsələsidir.

Gülnar Nazimqızı

Seçilən
29
50
anews.az

10Mənbələr