“Hər bir ölkənin və hər bir münaqişə sonrası vəziyyətin özünəməxsus çətinlikləri var. Azərbaycan üçün əsas problemlərdən biri mina təhlükəsidir”. Musavat.com-un əməkdaşı xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev WUF13 çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Nazir müavini deyib ki, bərpa və yenidənqurma prosesinə başlamaq üçün ilk növbədə ərazilərin minalardan təmizlənməsi vacibdir: “Azərbaycan da hazırda bu ciddi problemlə üz-üzədir. Təxminən 1,5 milyon mina və partlamamış sursatın olduğu ərazilər təmizlənmədən insanların geri qayıdışı və yenidənqurma işlərinin başlanması mümkün deyil. Mina təhlükəsi qaldığı müddətdə bərpa prosesinə tam şəkildə başlamaq mümkün olmur”.
Nazir müavini vurğulayıb ki, son illərdə Azərbaycan münaqişədən sonrakı bərpa istiqamətində mühüm model formalaşdırıb: “Münaqişədən sonra təxminən 15 milyard ABŞ dolları həcmində vəsait xərclənib və hər il dövlət büdcəsinin təxminən 25 faizi bu məqsədlərə yönəldilir. Bu baxımdan Azərbaycan münaqişənin nəticələrindən zərər çəkmiş ölkələr üçün mühüm nümunələrdən biri hesab oluna bilər. Əgər hər şey sıfırdan qurulursa, o zaman daha yaxşı şəkildə yenidən qurmaq prinsipi xüsusi əhəmiyyət daşıyır. Burada davamlı inkişaf yanaşmaları, müasir şəhərsalma prinsipləri və digər zəruri standartların tətbiqi vacibdir. Çünki bərpa prosesi düzgün planlaşdırıldıqda, əvvəlkindən daha dayanıqlı və daha keyfiyyətli yaşayış mühiti formalaşdırmaq mümkündür”.
Nigar Həsənli
Musavat.com