AZ

Mənzil bankı modeli yaradıla bilər – Professordan təklif

“Unutmamalıyıq ki, xaricdə yaşayan soydaşlar öz icmalarına dəstək göstərmək baxımından çox mühüm rol oynaya bilərlər. Təəssüf ki, hazırda onların maliyyə resurslarını təhlükəsiz və effektiv şəkildə yönləndirə biləcəkləri uyğun mexanizmlər mövcud deyil”. Musavat.com xəbər verir ki, bu fikirləri Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin qurucu direktoru, Qətərin Doha şəhərində yerləşən Doha Ali Tədqiqatlar İnstitutunun professoru Sultan Barakat WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.

Professorun sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra maliyyə axınlarına tətbiq olunan məhdudiyyətlər ailələrin bir-birinə dəstək olmasını xeyli çətinləşdirib:
“Əgər beynəlxalq səviyyədə tanınan hüquqi mexanizm, məsələn, mənzil bankı modeli yaradılarsa, bu həm fərdlərə, həm də xeyriyyə təşkilatlarına öz dəstəklərini daha səmərəli şəkildə çatdırmaq imkanı verər. Xüsusilə, müsəlman ölkələrində dini fondlar və zəkat vəsaitləri də mənzil investisiyalarının maliyyələşdirilməsinə yönəldilə bilər. Münaqişələrin yaratdığı ən mühüm dəyişikliklərdən biri isə qadınların ailə daxilində rolunun artmasıdır. Getdikcə daha çox ailəyə qadınlar rəhbərlik edir və onların ev üzərində mülkiyyət hüququna sahib olması vacibdir. Qadınlar maliyyə resurslarının idarə edilməsində və ailə büdcəsinin qorunmasında ən etibarlı idarəçilərdən biri hesab olunur. Buna görə də düşüncə tərzimizi dəyişməliyik. Xüsusilə, bizim kimi cəmiyyətlərdə ənənəvi olaraq ailə başçısı sayılan və çox zaman münaqişələrin birbaşa təsiri altında olan kişilərdən daha çox, ailəni qoruyan və onun davamlılığını təmin edən qadınların roluna diqqət yetirilməlidir”.

Onun sözlərinə görə, məsələyə ailənin bütöv şəkildə dəstəklənməsi prizmasından yanaşdıqda, UNICEF-in, müxtəlif humanitar təşkilatların və Ümumdünya Ərzaq Proqramının fəaliyyəti daha böyük əhəmiyyət qazanır. “Səssiz qalmaq əvəzinə birgə və sistemli düşünmək gələcəyə aparan əsas yoldur. Son illərdə UN-Habitat-ın mənzil məsələsini bərpa və inkişaf prosesinin mərkəzinə çıxarmaq istiqamətində atdığı addımlar isə xüsusilə ümidvericidir”, - deyə professor qeyd edib.

Nigar Həsənli
Musavat.com

 

 

Seçilən
1
4
musavat.com

5Mənbələr