AZ

Mənzil problemi dərinləşir: inkişaf banklarının portfelində bu sahənin payı minimumdur

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbir keçirilir.

Musavat.com-un əməkdaşı xəbər verir ki, tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin qurucu direktoru, Qətərin Doha şəhərində yerləşən Doha Ali Tədqiqatlar İnstitutunun professoru Sultan Barakat və başqaları iştirak edirlər.

A.Rossbax çıxışında diqqətə çatdırıb ki, maliyyə vəsaitlərinin böyük hissəsi banklar, xüsusilə də inkişaf bankları vasitəsilə yönləndirilir:

“Elə dünən bu forum çərçivəsində keçirilən müzakirələrdən birində beynəlxalq maliyyə institutları ilə görüşümüz oldu və həmin müzakirənin əsas nəticələrindən biri bu idi ki, inkişaf banklarının ümumi portfellərində mənzil sektorunun payı olduqca azdır. Başqa sözlə, inkişaf maliyyəsi sistemi mənzil məsələsinə kifayət qədər diqqət ayırmayıb. UN-Habitat da daxil olmaqla müxtəlif araşdırmalar göstərir ki, rəsmi beynəlxalq inkişaf yardımlarının mənzil sektoruna ayrılan hissəsi çox məhduddur. Mənzil problemini müəyyən qədər həll edə bilmiş ölkələr bunu əsasən güclü daxili maliyyə sistemləri qurmaqla bacarıblar. Daxili maliyyə mexanizmlərini inkişaf etdirə bilməyən ölkələr isə mənzil məsələsini effektiv şəkildə həll edə bilmirlər. Nəticədə insanlar lazımi dəstəkdən məhrum qalır və qeyri-rəsmi, qeyri-sabit yaşayış şəraitində məskunlaşmağa məcbur olurlar. Bu isə cəmiyyət olaraq həll etməli olduğumuz daha dərin və struktur xarakterli bir problemin mövcudluğunu göstərir”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
1
4
musavat.com

5Mənbələr