Almaniyanın Paderborn şəhərində aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə aid olduqca yaxşı qorunmuş 800 illik mumlu yazı dəftəri aşkar edilib...
Poliqon xəbər verir ki, məlumata görə, tapıntı ilk baxışda sadə bir torpaq parçası kimi görünsə də, laboratoriyada aparılan təmizləmə zamanı onun dəri qab içində saxlanılan kiçik yazı dəftəri olduğu üzə çıxıb.
Live Science nəşrinin yazdığına görə, 10 səhifədən ibarət bu kiçik dəftər latın dilində kursiv yazı ilə doldurulub. Alimlər hesab edir ki, bu dəftər təxminən 800 il əvvəl yaşayan bir orta əsr tacirinə məxsus olub və onun təsadüfən itirildiyi ehtimal edilir.
Arxeoloqlar Paderborn şəhərində tikinti zamanı aşkar edilən beş orta əsr tualetini araşdırarkən bu tapıntıya rast gəliblər. Qapalı və oksigensiz mühit sayəsində bir çox üzvi materiallar, o cümlədən bu cür nadir əşyalar qorunub saxlanılıb.
Bərpaçı mütəxəssis Süsanne Bretzfel bildirib ki, min illər keçməsinə baxmayaraq, tapılan obyekt hələ də güclü qoxusunu saxlayıb: "Çox əsrlər keçməsinə baxmayaraq, bu tualetdən hələ də xoş olmayan qoxu gəlirdi".
Dəftərin ölçüsü təxminən 8,6 x 5,5 santimetrdir. O, dəri qabda saxlanılıb və üzərində zanbaq (liliya) motivi həkk olunub. Alimlər bu simvolun o dövrdə zadəganlıq və yüksək sosial statusla əlaqəli olduğunu bildirirlər. Dəftərin içi mumla örtülüb və üzərinə xüsusi qələm (stilus) ilə yazı yazılıb.
Mütəxəssislər qeyd edirlər ki, dəftərdə müxtəlif istiqamətlərdə və üst-üstə yazılmış latın mətnləri mövcuddur. Bu isə oxunuş və tərcüməni çətinləşdirir. Arxeoloq Barbara Rüşoff-Parçingerin sözlərinə görə, bəzi sözləri oxumaq mümkün olsa da, orfoqrafik səhvlər və yazı qarışıqlığı işi çətinləşdirir. Dəftərin XIII–XIV əsrlərə aid olduğu ehtimal edilir.
Alimlər hesab edirlər ki, bu dəftər böyük ehtimalla savadlı bir tacirə məxsus olub. O dövrdə tacirlər yazı-oxu bacarığına malik azsaylı sosial qruplardan biri idi.
Arxeoloq Sveva Qay bildirib: "Bəlkə də bu, Paderborndan olan bir tacirin şəxsi qeydləri idi".
Poliqon.info