AZ

Azərbaycan Milli Xalça Muzeyində “Sənət körpüsü… Azərbaycan – Türkiyə”  sərgisi açılıb

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərginin açılış mərasimi, eyniadlı sənədli filmin təqdimatı keçirilib.

XQ xəbər verir ki, açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un Baş katibinin müavini Seyid Yusif, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin komitə sədri Fazil Mustafa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan, Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini Fikri Ataoğlu çıxış ediblər.

Eldəniz Babayevin 55 illik yubileyi ərəfəsində təşkil edilən tədbir ideya-məzmun baxımından bir neçə mühüm məqamı özündə birləşdirir. Sərginin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını sənət dili ilə ifadə edir. 

Sərgidə rəssamın təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığı 50-dək əsəri nümayiş etdirilir. Ekspozisiyada Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin istiqlal ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri yer alır. Burada rəssamın 2025-ci ildə yaratdığı və hazırda İstanbulda Türkiyə İş Bankının binasında, M.K.Atatürkə həsr olunmuş salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərinin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də nümayiş olunur. 

Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim edilir.

Ekspozisiyanı müəllifin Azərbaycan xalça sənətinin böyük ustadı, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yaratdığı portret və xalça mövzusunda tablolar tamamlayır.

“Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Milli Xalça Muzeyi, Atatürk Mərkəzi, Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə baş tutub.

Seçilən
0
2
xalqqazeti.az

3Mənbələr