AZ

Eldəniz Babayev: “Sənət körpüsü… Azərbaycan Türkiyə” adlı sərgidə 50 dək əsərim nümayiş olunacaq

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 may, AZƏRTAC

“Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgidə təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığım 50-dək əsər nümayiş olunacaq. Sərginin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını sənət dili ilə ifadə edir.

Bunu AZƏRTAC-a açıqlamasında mayın 19-da Azərbaycan Milli Xalça Muzeyində fərdi sərgisi açılacaq rəssam Eldəniz Babayev deyib.

O qeyd edib ki, ekspozisiyada Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin müstəqillik ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri yer alacaq. “Burada ötən il yaratdığım və hazırda İstanbulda Türkiyə İş Bankının binasında, M.K.Atatürkə həsr olunan salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərimin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də nümayiş olunacaq. Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim ediləcək. Ekspozisiyanı görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yaratdığım portret və xalça mövzusunda tablolar tamamlayacaq. “Sənət körpüsü… Azərbaycan – Türkiyə” sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı ssəfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycanda Atatürk Mərkəzi, Yunus Əmrə İnstitutu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Bakı” Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunacaq”,- deyə rəssam əlavə edib.

Qeyd edək ki, Eldəniz Babayevin 55 illiyi ərəfəsində reallaşan sərgi iyunun 2-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azertag.az

2Mənbələr