Xankəndi, 19 may, AZƏRTAC
Qarabağ Universitetində Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Fəxrəddin Manafovla görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov ali təhsil ocağında tələbələrə bilik və bacarıqların aşılanması ilə yanaşı, onların milli-mənəvi dəyərlər və zəngin mədəniyyət mühiti ilə yaxından tanış olması istiqamətində də mütəmadi addımların atıldığını bildirib. Rektor bu cür görüşlərin gənclərin mədəni dünyagörüşünün formalaşmasına, yaradıcı düşüncəsinin inkişafına, ədəbiyyata və incəsənətə marağının artmasına mühüm töhfə verdiyini vurğulayıb.
Əslən Xankəndi şəhərindən olan Fəxrəddin Manafov doğma yurdunda, Qarabağ Universitetində olmaqdan böyük qürur duyduğunu dilə gətirib. O, Qarabağda həyatın yenidən canlanmasının, gənclərin bu torpaqlarda təhsil almasının və burada müasir universitet mühitinin formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Xalq artisti Azərbaycan teatr və kino sənətinin inkişaf yolu, səhnə fəaliyyəti, müxtəlif obrazların yaradılması prosesi və aktyor sənətinin məsuliyyəti barədə fikirlərini bölüşüb. F.Manafov tələbələrə daim öz üzərlərində çalışmağın, mütaliənin və incəsənətə sevgi ilə yanaşmağın vacibliyini tövsiyə edib.
Görüş interaktiv formatda davam edib. Maraqlı və səmimi müzakirələr zamanı F.Manafov tələbə və əməkdaşların aktyorun yaradıcılığı, rol üzərində işləmək təcrübəsi, teatr və kino mühiti ilə bağlı çoxsaylı suallarını cavablandırıb.
Müxbir – Tahir Ağaməmmədov