AZ

Fəxrəddin Manafov Qarabağ Universitetində tələbələrlə görüşdü - FOTO

Qarabağ Universitetində Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti Fəxrəddin Manafov ilə universitetin müəllim-tələbə heyətinin iştirakı ilə görüş təşkil olunub.
 
Bu barədə Moderator.az-a universitetdən məlumat verilib.
 
Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetdə tələbələrin bilik və bacarıqlarla yanaşı, milli-mənəvi dəyərlər və mədəniyyət mühiti ilə də yaxından tanış olması istiqamətində mütəmadi addımların atıldığını bildirib. Rektor bu cür görüşlərin gənclərin mədəni dünyagörüşünün formalaşmasına, yaradıcı düşüncəsinin inkişafına, ədəbiyyata və incəsənətə marağının artmasına mühüm töhfə verdiyini vurğulayıb.
 
Əslən Xankəndi şəhərindən olan Fəxrəddin Manafov doğma yurdunda, Qarabağ Universitetində olmaqdan böyük qürur duyduğunu dilə gətirib. O, Qarabağda həyatın yenidən canlanmasının, gənclərin bu torpaqlarda təhsil almasının və burada müasir universitet mühitinin formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Xalq artisti Azərbaycan teatr və kino sənətinin inkişaf yolu, səhnə fəaliyyəti, müxtəlif obrazların yaradılması prosesi və aktyor sənətinin məsuliyyəti barədə fikirlərini bölüşüb. F.Manafov tələbələrə daim öz üzərlərində çalışmağın, mütaliənin və incəsənətə sevgi ilə yanaşmağın vacibliyini tövsiyə edib.
 
Görüş interaktiv formatda davam edib. Maraqlı və səmimi müzakirələr zamanı F.Manafov tələbə və əməkdaşların aktyorun yaradıcılığı, rol üzərində işləmək təcrübəsi, teatr və kino mühiti ilə bağlı çoxsaylı suallarını ətraflı cavablandırıb. Görüş aktyorla xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Seçilən
0
5
moderator.az

6Mənbələr