Polşanın Bielsko-Biala şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku başa çatıb.


Rekord.az xəbər verir ki, son yarış günündə milli komandamız aktivinə daha 5 medal yazdırıb.


Cüdoçularımız 2 gümüş və 3 bürünc mükafat qazanıblar.


Sadiq Məmmədov (-73 kq) və Ayxan Həsənli (-81 kq) yarışı ikinci pillədə tamamlayaraq gümüş medala sahib çıxıblar. Yusuf Nəzər (-73 kq), Yaqub Məmmədov (-81 kq) və Nurəddin Əliyev (-90 kq) isə bürünc medal əldə ediblər.


Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (-55 kq), Könül Eyvazlı (-48 kq) qızıl, İlkin Qarayev (-66 kq), Zəhra Quliyeva (-40 kq) gümüş, Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) bürünc medala yiyələniblər.


Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.