Son aylarda dünya siyasətində diqqətlər yenidən Pekinə yönəlib. ABŞ Prezidenti Donald Trampın iki günlük Çin səfərinin bu gün başa çatmasının ardından xəbərlər yayılıb ki, indi də Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə üz tutur. Bu səfərin mayın 20-də gerçəkləşəcəyi bildirilir.
Trampdan sonra Putinin də Pekinə səfər planlaması dünya düzəninin formalaşmasının siqnalıdır? Çin ABŞ və Rusiya arasında balans yaradan əsas diplomatik mərkəzə çevrilir? Dünyada davam edən savaşların taleyi gələcəkdə Çində həll oluna bilərmi?
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, Çin dünya geosiyasətində balanslaşdırıcı güc kimi rolunu durmadan artırır:
"Təsadüfi deyil ki, ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makron, bu ilin yanvarında Britaniya Baş naziri Kir Starmer Çinə səfər etmişdi. Trampın 2 günlük Çin səfəri iki ölkə arasında 2018-ci ildən bəri günbəgün artan gərginliyin azaldılması istiqamətində mühüm addım idi. Bu səfər ilə ABŞ-Çin münasibətlərində strateji balansın formalaşdığı təsbit olundu. Başqa sözlə, ABŞ-da artıq həm qlobal siyasi, həm də qlobal iqtisadi məsələlərdə Çinlə razılaşmağa ehtiyac duyulur. Odur ki, bu səfərdə hər iki tərəf mühüm ölçüdə geri addım ataraq münasibətləri müharibə həddinə çatdırmağın nə özləri, nə də dünya üçün faydalı olmayacağı məntiqi ilə mühüm güzəştlərə getdilər.
Tramp 30 milyardlıq ticarət məhsulları (bir çox məhsul) üzərində tarifləri azaldacağını bəyan etdi. Tsinpin bunun əvəzində ABŞ-dan 200 Boeing təyyarəsi, kənd təsərrüfatı məhsulları, enerji məhsulları (maye qaz) və s. alacağını açıqladı. Belə ki, tarif müharibələri nəticəsində Çin bu məhsulların idxalına məhdudiyyət qoymuşdu. Həmçinin Çin nadir torpaq elementləri üzrə qlobal hasilatın 70%-nə malik (1-ci yerdə olan) ölkə olaraq, nadir torpaq elementlərinin ABŞ-a satılmasına yenidən izn veriləcəyini bəyan etdi. ABŞ isə məhz bu elementlərdən istifadə olunaraq istehsal olunan çiplərin Çinə ixracına izni bərpa etdi. Göründüyü kimi bir çox məsələlərdə qarşılıqlı güzəştlər edildi. Bütün aspektləri əhatə etməsə də bir sıra məsələlərdə ortaq mövqe ifadə olundu.
Ortaq yanaşma sadəcə iki ölkə arasındakı münasibətləri deyil, o cümlədən qlobal məsələləri əhatə etdi. Burada İran və s. məsələlər qeyd oluna bilər. Bütün bunların ardından Putinin 20 mayda Çinə gözlənilən səfəri Çinin dünyanın strateji balansının qorunmasında artıq əsas güclərdən biri olduğunu isbat edir. Putinin səfəri o demək olacaq ki, Çin son 5 ayda bütün BMT Təhlükəsizlik Şurasının üzv ölkələrinin rəhbərlərini qəbul edir. Bu, həm Çin, həm dünya üçün tarixi məqamdır. Belə ki, artıq dünyanın çoxqütblü nizamında Çinin əsas güclərdən biri olduğu BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunur”.
Cavanşir ABBASLI
Musavat.com