Fransa hakimiyyəti qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin Parisdəki mənzili ilə bağlı araşdırmanı bərpa etdikdən sonra onun Fransadakı cinayətlərinin yeni qurbanları barədə məlumatlar əldə edib.
Publika.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko "RTL" radiostansiyasının efirində bəyanat verib.
Onun sözlərinə görə, ABŞ-də "Epşteyn sənədləri" dərc olunduqdan sonra prokurorluq zərərçəkmiş ola biləcək şəxsləri əlaqə saxlamağa və ifadə verməyə çağırıb. İlin əvvəlindən bəri 20-dən çox insan bu çağırışa cavab verib.
"Onlardan bəziləri digər işlərdən bizə artıq tanış idi... lakin biz əvvəllər heç tanımadığımız təxminən 10 nəfər yeni qurbanı da müəyyən etdik", – deyə Bekko bildirib.
Prokuror qeyd edib ki, hazırda Paris prokurorluğu daxil olan məlumatları yoxlayır və o cümlədən xaricdə yaşayan şəxslərin ifadələrini toplayır. Bundan sonra hüquq-mühafizə orqanları şübhəlilərin dindirilməsinə və toplanmış sübutların təhlilinə başlamağı planlaşdırır.