İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 60-cı Baş Assambleyasında təmsil olunub.
"Far.Az" bu barədə Xidmətə istinadə xəbər verir.
Məlumata görə, tədbir Dominikanın Punta-Kana şəhərində keçirilib. Baş Assambleya çərçivəsində Latın Amerikası, Asiya və digər region ölkələrinin vergi administrasiyalarının nümayəndələri arasında vergi inzibatçılığının rəqəmsal transformasiyası, elektron xidmətlərin təkmilləşdirilməsi, avtomatik məlumat mübadiləsi, süni intellekt əsaslı həllərin tətbiqi və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması istiqamətində geniş təcrübə mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti xarici ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.