Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının xaricdə saxlanılması riski barədə xəbərdarlıq edib.
Rusiya mediasına istinadən xəbər verir ki, XİN-in ölkə vətəndaşlarının saxlanılma riski olan ölkələr siyahısında Ermənistan da var.
Rusiya XİN-in departament direktoru Qriqori Lukyantsev bildirib ki, xaricə səyahət edərkən rusiyalılar üçüncü ölkələrdən ABŞ-a ekstradisiya ehtimalından xəbərdar olmalıdırlar.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ABŞ-ın tələbi ilə saxlanılması riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, dərc olunmuş siyahı hələ tam deyil. RİA Novosti xəbər verir ki, ABŞ ilə müvafiq müqavilələr bağlayan bir çox başqa ölkələr sadəcə siyahıda yoxdur, lakin bu, onların təhlükəsiz olduqları anlamına gəlmir.
Xatırladaq ki, Rusiya Dövlət Duması dünən xaricdə həbs olunmuş Rusiya vətəndaşlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəyə icazə verib.