AZ

Analitik Ekspertiza Mərkəzi "Dr. Güllü" nü indi araşdırır? - Ölkədə yüzlələ "Dr.Gülü"lər var...

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb...

Poliqon bizimesr.com portalına istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq adıçəkilən təsərrüfat subyektində araşdırma aparılıb və mayın 5-də Bakı şəhəri, Nəsimi rayonu, Sarablinski küçəsi, 41 ünvanında yerləşən və fərdi sahibkar Gülbədə Əliqismət qızı Abdullayevanın fəaliyyət göstərdiyi "Büllur Estetik" təsərrüfat subyektində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı aşkarlanan nöqsanlara görə aidiyyəti şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.1 maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək müvafiq icraata göndərilib".

Səhiyyə Nazirliyinin məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayeva "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda deyil və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsi yoxdur:

"Buna görə də onun və onunla əməkdaşlıq edən şəxslərin əhaliyə tibb xidməti göstərməsi qanunla qadağan olunur və qanun pozuntusu hesab edilir. Mərkəz tərəfindən aidiyyəti şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş digər zəruri tədbirlərin görülməsi də davam etdirilir.

AEM bir daha vurğulayır ki, tibb fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisas və rəsmi icazə tələb olunur. Bu qaydalara əməl etməyən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər görüləcək".

Bildirilib ki, AEM vətəndaşların müraciətlərinə operativ və obyektiv reaksiya vermək, əhalinin sağlamlığının qorunması və qanunsuz tibbi fəaliyyətin qarşısının alınması istiqamətində öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görür.

Qeyd edək ki, ötən il "Uğur-777" estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan G.Abdullayevanın yenidən həkimlik fəaliyyətinə başlamasına dair iddialar yayılmışdı. Məlumata görə, özünü "Dr.Gülü" kimi təqdim edən G.Abdullayeva hazırda "Büllur Estetik" adı altında fəaliyyət göstərən məkanda müxtəlif estetik prosedurlar həyata keçirir. Burada qanunsuz şəkildə liposaksiya, bədən şəkilləndirmə, üz nahiyəsinə müdaxilələr, o cümlədən qaşqaldırma və üzgərmə əməliyyatları icra olunur.

Lakin maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi illərdir fəaliyyət göstərən Dr Gülü kimi diğər saxta həkimlərin, qanunsuz fəaliyyət göstərən tibb mərkəzlərinin fəaliyyətini vaxtında niyə araşdırmır?

İllərdir mətbuat yazır ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində qanunsuz fəaliyyət göstərən "Tibb Mərkəzləri", həkim olmayan şəxslərin əməliyyatları tüğyan edir. Amma Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bu vəziyyəti görməzdən gəlir.

Elə isə diqqət edək - tək dr- Gülü? Başqa yoxdur? Əlbətdə var, özüs də saysız qədər. Bakı şəhərində fəaliyyət göstərən estetik mərkəzlərin əksəriyyəti qanunsuz fəaliyyət göstərir və onların çoxu nəinki həkim deyillər, ümumiyyətlə tibbə aidiyyatları yoxdur. Bütün bunlar göstərir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və onun rəhbəri Murad Süleymanov ya işinin öhdəsindən gələ bilmir, ya da bu kimi hallara göz yumur. Hər halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin özündə yoxlama aparılması lazımdır... Azərbaycanda güzlərlə "dr-Gülü"lər var...

Poliqon.info

Seçilən
2
16
poliqon.info

10Mənbələr