Rusiya qoşunları mayın 14-nə keçən gecə Kiyevə qarşı genişmiqyaslı hücum həyata keçirib.
Musavat.com "RBC-Ukraina"ya istinadən xəbər verir ki, dron və raket hücumları nəticəsində paytaxtda avtomobillər yanıb, yaşayış binalarına ciddi ziyan dəyib və xəsarət alanlar var.
Bildirilir ki, Rusiya Kiyevə dronlar, ballistik və qanadlı raketlərlə hücum edib. Dağıntılar şəhərin yeddi rayonunda qeydə alınıb. Hücum nəticəsində binalar zədələnib, güclü yanğınlar başlayıb. Darnitsa rayonunda yaşayış binasının konstruksiyaları uçub, dağıntılar altında insanların qaldığı bildirilir.
İlkin məlumatlara görə, paytaxtda 11 nəfər xəsarət alıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, saat 02:30-dan etibarən Kiyevə dronlar yaxınlaşmağa başlayıb. Təxminən bir saat ərzində şəhərdə hava hücumundan müdafiə sistemlərinin səsi və partlayışlar eşidilib. Saat 03:10-dan sonra isə paytaxt ard-arda ballistik raket zərbələrinə məruz qalıb. Bundan əlavə, Tu-95MS və Tu-160 strateji bombardmançı təyyarələrindən buraxılan qanadlı raketlərin də Kiyevə doğru hərəkəti qeydə alınıb.
Kiyev meri Vitali Kliçko və şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun verdiyi məlumata görə, dağıntılar Dnepr, Qoloseyev, Solomen, Şevçenko, Darnitsa, Obolon və Svyatoşinski rayonlarını əhatə edib.
Darnitsa rayonunda yaşayış binasının bir hissəsi uçub, xilasedicilər 10 nəfəri dağıntılar altından çıxarıblar. Həmçinin yanacaqdoldurma məntəqəsində və kiçik ticarət köşklərində yanğınlar baş verib.
Dnepr rayonuda beşmərtəbəli binanın damında və şəxsi yaşayış evində yanğınlar qeydə alınıb.
Obolon rayonud raket qəlpələri 25 mərtəbəli tikilməkdə olan binaya və 12-ci mərtəbədəki mənzilə düşüb.
Qoloseyev və Solomen rayonlarında isə dron qəlpələri biznes mərkəzlərinə və avtomobil dayanacaqlarına ziyan vurub, Şevçenko rayonunda isə qeyri-yaşayış binası vurulub.
Xatırladaq ki, Ukraynaya qarşı bu kütləvi hücum mayın 13-ü səhər saatlarından başlayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, ruslar mülki infrastrukturu, enerji obyektlərini və dövlət binalarını hədəf almağa çalışır.
İqbal RZAYEV,
Musavat.com