AZ

SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

İranın Prezident ofisindən bildirilib ki, ölkədə beynəlxalq internet bərpa olunacaq.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Prezident ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.

"Məhdudiyyətlər müharibə dövrünün təhlükəsizlik mülahizələri ilə bağlıdır", - məlumatda bildirilib və əlavə olunub ki, hökumət beynəlxalq internet məhdudiyyətlərini daimi etmək niyyətində deyil.

Qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi təhlükəsizliklə şərtlənir:

"Bir çox ictimai xidmətlər kimi, internetə çıxış vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil, lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizlik məsələsi bir çox digər sahələrdən prioritet təşkil edir".

Qeyd edək ki, Beynəlxalq internet monitorinq xidmətlərinin (NetBlocks) məlumatına görə, İranda beynəlxalq internetə çıxış 75 gündür tamamilə dayandırılıb. Bu kəsinti dünya üzrə qeydə alınan ən uzunmüddətli internet məhdudiyyətidir. Səbəb kimi 2025-ci ilin 28 dekabrında başlayan etirazlar və 2026-cı ilin 28 fevralında ABŞ ilə İsrailin İrana 40 gün davam edən hücumları göstərilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Seçilən
13
5
missiya.az

9Mənbələr