İranın Prezident ofisindən bildirilib ki, beynəlxalq internet bərpa olunacaq.
Aznews.az xəbər verir ki, bu barədə məlumat Prezident ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.
"Məhdudiyyətlər müharibə dövrünün təhlükəsizlik mülahizələri ilə bağlıdır", - məlumatda bildirilib və əlavə olunub ki, hökumət beynəlxalq internet məhdudiyyətlərini daimi etmək niyyətində deyil.
Qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi təhlükəsizliklə şərtlənir:
"Bir çox ictimai xidmətlər kimi, internetə çıxış vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil, lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizlik məsələsi bir çox digər sahələrdən prioritet təşkil edir".
Qeyd edək ki, Beynəlxalq internet monitorinq xidmətlərinin (NetBlocks) məlumatına görə, İranda beynəlxalq internetə çıxış 75 gündür tamamilə dayandırılıb. Bu kəsinti dünya üzrə qeydə alınan ən uzunmüddətli internet məhdudiyyətidir. Səbəb kimi 2025-ci ilin 28 dekabrında başlayan etirazlar və 2026-cı ilin 28 fevralında ABŞ ilə İsrailin İrana 40 gün davam edən hücumları göstərilir.