AZ

İdeyaları ilə Zəfərə yol açan Dahi Lider Heydər Əliyev

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsi tariximizin bütöv bir dövrünü təşkil edir. Məhz onun müdrik rəhbərliyi, uzaqgörən strateji siyasəti və Vətəninə olan sonsuz bağlılığı nəticəsində Azərbaycan ən ağır sınaqlardan uğurla keçərək sabit inkişaf mərhələsinə qədəm qoyub.

Bütün mənalı ömrünü doğma ölkəsinin yüksəlişinə həsr edən Ulu Öndər millətin xilaskarı kimi hər bir azərbaycanlının qəlbində əbədi yer tutub. Onun xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman ən yüksək səviyyədə qiymətləndirilir və xatirəsi dərin ehtiramla anılır.

Hər il mayın 10-da ölkəmizdə Ulu Öndərin doğum günü böyük hörmət və dərin ehtiram hissi ilə qeyd olunur. AZƏRTAC-ın zəngin arxivində dahi Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair minlərlə nadir fotoşəkil qorunub saxlanılır. Məhz bu arxiv materialları əsasında hazırlanmış xüsusi layihə vasitəsilə Ulu Öndərin irsinə bir daha nəzər salır, onu dərin minnətdarlıq hissi ilə xatırlayırıq.

1923-cü il mayın 10-da Naxçıvanın ucqar kəndində sadə bir ailədə dünyaya göz açan Ulu Öndər öz sarsılmaz iradəsi, zəhmətsevərliyi və Vətənə sonsuz sevgisi ilə siyasətin zirvələrinə ucalıb. Naxçıvandan başlayan bu şərəfli ömür yolu Kremlin ən yüksək məqamlarınadək uzanıb. Ən ali dövlət vəzifələrində çalışmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev hər zaman təvazökar bir həyat sürüb. Onun görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva ilə birgə qurduğu ailə cəmiyyətimiz üçün vətənpərvərlik, mənəvi saflıq və qarşılıqlı hörmətə əsaslanan nümunəvi bir modeldir.

1969-cu ildən etibarən Azərbaycanın bütün yükünü və məsuliyyətini öz çiyinlərində daşıyan dahi rəhbər gərgin iş qrafikinə baxmayaraq, ailəsinə ayırdığı vaxtı hər zaman müqəddəs bilib. Ailə albomundakı uzaq keçmişin yadigarı olan nadir fotolarda biz onu ömür-gün yoldaşı Zərifə xanımla yanaşı, övladları İlham və Sevilin, gəlini Mehriban xanımın, nəvələri Leyla, Arzu və Heydərin əhatəsində görürük.

Bu tarixi kadrlar sanki dilə gələrək Ümummilli Lider Heydər Əliyevin böyük dövlət xadimi olmaqla bərabər, həm də sadiq bir həyat yoldaşı, qayğıkeş ata və mehriban baba obrazını canlandırır.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən biri də Prezident İlham Əliyev kimi uzaqgörən, dövlətinə və millətinə sədaqətli Lider yetişdirməsidir. Ata və oğulun birlikdə əbədiləşmiş fotolarının birində onların çiyin-çiyinə dayanıb uzaq üfüqləri seyr etməsi xüsusi məna daşıyır. Bu sadə, lakin dərinməzmunlu fotokadrda onlar sanki illər öncədən bugünkü modern, qüdrətli və suverenliyini tam bərpa etmiş Azərbaycanı seyr edirdilər.

Ulu Öndərin qoyduğu möhkəm dövlətçilik təməlləri üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə ucalan müasir Azərbaycan Zəfərlə taclanmış müstəqilliyimizin ən parlaq təcəssümüdür.

Tarixə nəzər salsaq görərik ki, ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri hesab olunurdu.

Lakin Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra ölkəmiz dəyişməyə başladı, onun hakimiyyətə gəlişi ilə həyat ritmi də büsbütün dəyişdi. Dahi rəhbərin hakimiyyətə gəlişi ölkənin həyat ritminə yeni nəfəs gətirdi, Azərbaycanın intibah və yüksəliş dövrünün əsasını qoydu.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycanın quruculuq salnaməsinə qızıl hərflərlə yazılıb. Məhz həmin dövrdə Bakıda o zaman üçün nadir sayılan nəhəng sənaye müəssisələri quruldu, paytaxtımızın memarlıq simasını bu gün də bəzəyən binalar ucaldıldı və geniş yaşayış massivləri salındı. Kənd təsərrüfatında əldə olunan nailiyyətlər isə xalqın rifah halının köklü şəkildə yaxşılaşmasına birbaşa xidmət etdi.

Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinin mərkəzində hər zaman xalq və insan amili dayanırdı. O, respublikanın ən ucqar bölgələrinə mütəmadi səfərlər edərək sadə zəhmət adamları ilə birbaşa ünsiyyət qurur, onların problemlərini şəxsən dinləyir və çevik həll yolları tapırdı. Dahi Lider üçün hər bir vətəndaşın qayğısı və fikri son dərəcə qiymətli idi. Təqdim olunan bu fotolar bizi həmin unudulmaz illərə – Ulu Öndər Heydər Əliyevin xalqın içində olduğu, hər kəsə bir ailə başçısı səmimiyyəti ilə yanaşdığı anlara qaytarır. Bu görüntülər sadəcə tarixi sənəd deyil, milli yaddaşımızın canlı təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Özünün vəzifə səlahiyyətlərindən istifadə edərək, İttifaq əhəmiyyətli bəzi layihələri Bakıya yönəltdi. Coşqun fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı onu bütün İttifaq miqyasında məşhurlaşdırdı.

AZƏRTAC-ın arxivində siyasi büronun üzvü, SSRİ hökumətində ikinci şəxs olan Heydər Əliyevin fəaliyyətinin bəzi məqamlarını əks etdirən nadir fotolar da var.

Ulu Öndər Heydər Əliyevin SSRİ miqyasında getdikcə artan nüfuzu və nümunəvi dövlətçilik fəaliyyəti müəyyən siyasi dairələrdə ciddi narahatlıq doğurmağa başlamışdı. Xüsusilə Mixail Qorbaçovun hakimiyyətə gəlişindən sonra Kreml rəhbərliyində dahi liderə qarşı paxıllıq və qısqanclıq hissləri açıq müstəviyə keçdi. Baş katiblə yaranan kəskin fikir ayrılıqları nəticəsində Ulu Öndər Heydər Əliyev 1987-ci ildə tutduğu bütün yüksək vəzifələrdən istefa verməli oldu.

Lakin bu istefa onun siyasi fəaliyyətinin sonu deyil, əslində, milli mübarizəsinin yeni və daha parlaq mərhələsinin başlanğıcı idi. Doğma Vətəninin başı üzərini qara buludlar alanda, Azərbaycan milli fəlakətlər və daxili hərc-mərcliklə üz-üzə qalanda, o, xalqının səsinə səs verərək Bakıya qayıtdı. Həmin dövrdə respublikaya rəhbərlik edənlər Ulu Öndərin qayıdışından ehtiyatlanaraq onun qarşısını kəsməyə çalışsa da, dahi Lider sarsılmaz iradə nümayiş etdirdi və doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Arxivlərdəki fotolarda dahi rəhbərin Naxçıvan həyatının çətin, lakin şərəfli məqamları əks olunur.

Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyev bu qədim diyarımızı erməni təcavüzündən və siyasi təlatümlərdən məharətlə qorudu. Məhz onun cəsarəti sayəsində yetmiş ildən sonra ilk dəfə Naxçıvanda müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ucaldıldı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində xaos və anarxiya girdabında boğulan Azərbaycanda dövlət müstəqilliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalq öz nicatını yalnız Ulu Öndərin qayıdışında görürdü. 1993-cü il iyunun 9-da Ümummilli Lideri Bakıya gətirən təyyarənin Binə Hava Limanına eniş etməsi xalqın böyük ümid və sonsuz sevincinə səbəb oldu.

1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İki dövlət çevrilişi cəhdinin, bir çox təxribatların qarşısını alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Məhz onun rəhbərliyi ilə formalaşan nizami ordu düşmənin torpaqlarımıza aramsız hücumlarını dayandırdı, Ulu Öndərin cəbhə xəttində əsgər və zabitlərlə görüşləri ordumuzun döyüş əzmini sarsılmaz etdi.

1994-cü il sentyabrın 20-də imzalanan və Azərbaycanın iqtisadi intibahının təməli olan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng layihələr Azərbaycanı qlobal enerji mərkəzlərindən birinə çevirdi. Arxivlərdə qorunan fotolar dahi rəhbərin hakimiyyətinin ikinci dövrünə aid olan bu tarixi hadisələri canlı saxlayır, müasir və güclü dövlətə çevrilmə yolunda onun oynadığı həlledici rolu bir daha göz önünə gətirir.

Qarabağın düşmən işğalından azad olunması Ulu Öndərin ən müqəddəs arzusu və vəsiyyəti idi. Bu tarixi arzu 2020-ci ilin noyabrında gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Ordumuz 30 il davam edən işğala 44 gündə son qoydu. Həmçinin uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Yaranmış yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi və Qazaxın dörd kəndinin azad olunması düşünülmüş siyasətin səmərəli nəticələridir.

Doğrudan da bu gün Ulu Öndərin ruhu şaddır. Onun illər boyu qurduğu möhkəm təməllər, düşünülmüş siyasət və milli həmrəylik sayəsində Azərbaycan öz tarixi ədalətini bərpa etdi. İllərlə düşmən tapdağında qalan yurd yerlərimiz azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ulu Öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm prosesdə sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirirlər.

İşğaldan azad olunmuş bölgələrdə zəruri infrastruktur obyektləri ilə yanaşı, yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri sürətlə inşa olunur, yenilərinin təməli qoyulur. Genişmiqyaslı bu quruculuq işləri "Böyük Qayıdış" strategiyasının nə qədər sistemli, uzaqgörən və davamlı xarakter daşıdığının bariz nümunəsidir.

Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb, növbəti üç ildə isə 140 min insanın həmin torpaqlara köçürülməsi planlaşdırılır. Qarabağın və Şərqi Zəngəzurun sürətli dirçəlişi, bu torpaqlarda həyatın yenidən canlanması təkcə fiziki bərpa deyil, həm də xalqımızın milli qürurunun və mənəvi qayıdışının möhtəşəm təntənəsidir. Bu misilsiz inkişaf missiyasının ideoloji sütunlarını isə məhz Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi və uzaqgörən inkişaf strategiyası təşkil edir. Zaman keçdikcə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş Ulu Öndər Heydər Əliyev zirvəsi daha uca görünür və dahi rəhbərin milləti qarşısındakı xidmətləri daha dərindən dərk olunur.

x x x

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət rəmzinə və ziyarətgaha çevrilib. Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin abidəsi önündən keçərək onun əziz ruhu qarşısında baş əyir.

Seçilən
0
50
yeniazerbaycan.com

10Mənbələr