AZ

Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyevin Azərbaycana bəxş etdiyi tarixi missiya - ŞƏRH

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna xidmətləri olan Heydər Əliyev təkcə bir siyasi lider deyil, həm də müasir milli dövlətçilik ideologiyasının banisi, müstəqilliyimizin xilaskarı və gələcək inkişaf strategiyasının müəllifidir. Azərbaycanın XX əsrdə yetişdirdiyi ən böyük dövlət xadimlərindən biri olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın milli maraqlarını hər şeydən üstün tutub, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın rifahı naminə yorulmadan çalışıb. Onun fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi, mədəni və beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynayıb.

1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev qısa müddətdə respublikada genişmiqyaslı islahatlara başladı. Həmin dövrdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük inkişaf əldə olundu. Azərbaycan keçmiş SSRİ məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Milli kadrların hazırlanması, gənclərin yüksək təhsil alması və milli özünüdərkin gücləndirilməsi Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə siyasi böhran, xaos və daxili qarşıdurma mühiti hökm sürürdü. Dövlət yenicə əldə edilmiş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə ağır bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas etdi.

Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu inkişaf yolu ilə inamla irəliləyir. Onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağda əldə olunan tarixi Zəfər, ölkənin beynəlxalq nüfuzunun daha da artması və bugünkü iqtisadi inkişafı Heydər Əliyev ideyalarının təntənəsi kimi qiymətləndirilir.

Ümumiyyətlə, Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizin ən parlaq səhifələridir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamında göstərildiyi kimi "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir... Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir".

Dövlətçiliyin xilaskarı

Şübhəsiz ki, Azərbaycanın müasir tarixində 1993-cü ilin xüsusi yeri var və həmin illəri unutmaq mümkün deyil. O zaman Ümummilli Lider özünəməxsus müdrikliklə bəyan etmişdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev dərin məzmunlu, proqram xarakterli tarixi çıxışında demişdi: "Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq. Mən bir Prezident kimi xalqın qarşısında öz fikrimi açıq bəyan edirəm və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam" .

"Əsrin müqaviləsi" - uğurlu neft strategiyasının təntənəsi

Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdi. Ölkənin müharibə vəziyyətində olmasına və beynəlxalq təzyiqlərdə baxmayaraq, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi dirçəlişinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə böyük təkan verdi. Bununla yanaşı, ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü, peşəkar milli ordu formalaşdırıldı.

Gələcəyə hesablanmış bu uğurlu neft strategiyasının təməli şübhəsiz ki, "Əsrin müqaviləsi"dir. Bu müqavilənin həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətini bundan daha yaxşı ifadə etmək mümkün deyildi. Bu günün zirvəsindən geriyə baxdıqda görərik ki, "Əsrin müqavilə"sinin imzalanması və uğurlu icrasının, eləcə də enerji layihələrimizin müvəffəqiyyətlə reallaşmasına imkan verən möhkəm təməllərin kökündə Ümummilli Lider Heydər Əliyev tərəfindən bir sıra ardıcıl strateji qərarların zamanında verilməsi durur.

Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan əbədi yaşayacaq

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət edib. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Müasir Azərbaycanın reallığı odur ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənmiş, ərazi bütövlüyünü bərpa etmiş və regionun lider dövlətinə çevrilib. Bu uğurların təməlində də məhz Heydər Əliyevin qurduğu güclü dövlətçilik modeli dayanır.

Beləliklə, bu gün Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edir. Onun zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və xalqa xidmət nümunəsi gələcək nəsillər üçün əsl məktəbdir. Müasir Azərbaycan dövlətinin möhkəm təməli məhz onun adı ilə bağlıdır və xalqımız bu böyük lideri hər zaman minnətdarlıqla xatırlayacaqdır.

Seçilən
34
50
far.az

10Mənbələr