525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi irsi yalnız müstəqil Azərbaycan dövlətinin qurucusu və rəhbəri kimi deyil, həm də mürəkkəb bir dövrün yetişdirdiyi siyasi və milli şəxsiyyət kimi diqqəti cəlb edir. Ulu öndərin tariximizin müxtəlif mərhələlərində göstərdiyi siyasi iradəni, idarəçilik məharətini və milli dövlətçilik konsepsiyasını anlamaq üçün ilk növbədə onun zəngin həyatının uşaqlıq və gənclik illərinə nəzər salmaq çox vacibdir. Böyük liderlərin xarakteri çox zaman məhz erkən yaşlarda formalaşır.
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya gəldi. O dövr Naxçıvan üçün həm siyasi, həm də sosial baxımdan olduqca mürəkkəb illər idi. Bir tərəfdən bolşevik hakimiyyətinin yeni quruluşu, digər tərəfdən isə bölgənin geosiyasi təzyiqlər altında yaşaması burada formalaşan insanların da xarakterinə ciddi təsir göstərirdi.
Heydər Əliyev sadə, zəhmətkeş ailədə böyümüşdü. Ailə böyük idi və uşaqların tərbiyəsində intizam, əməksevərlik və təmkin əsas yer tuturdu. Bu ailə mühiti sonradan Heydər Əliyevin xarakterində özünü açıq şəkildə göstərdi: möhkəm intizam, güclü iradə, emosiyaları idarə etmək bacarığı və yüksək məsuliyyət hissi.
Naxçıvan o illərdə yalnız coğrafi deyil, həm də milli-mədəni baxımdan mühüm bir məkan idi. Burada yaşayan insanlar türk-müsəlman kimliyini qorumağa çalışır, eyni zamanda sovet sisteminin sərt ideoloji çərçivələri ilə üz-üzə qalırdılar. Bu ziddiyyətli mühit gənc Heydər Əliyevin düşüncə sistemində həm milli bağlılıq, həm də dövlət idarəçiliyi məntiqinin paralel inkişafına səbəb olmuşdu.
Heydər Əliyev orta təhsilini Naxçıvanda aldı. Məktəb illərində onun, xüsusilə tarix, ədəbiyyat və idarəçilik istiqamətli mövzulara, həmçinin ictimai proseslərə maraq göstərdiyi qeyd olunur. O dövrdə məktəblərdə təhsil sovet ideologiyası çərçivədə qurulsa da, Heydər Əliyev klassik Şərq düşüncəsini, Azərbaycan tarixinin milli qatlarını xüsusi bir entuziazmla öyrənirdi. Xarakterində erkən yaşlardan seçilən müşahidə qabiliyyəti, insan psixologiyasını düzgün qiymətləndirmək, sakit görünüş altında sərt iradə, nitq və ünsiyyət bacarığı, təşkilatçılıq istedadı kimi əsas xüsusiyyətlər onu digərlərindən fərqləndirirdi. Sonralar SSRİ kimi mürəkkəb siyasi sistemdə addım-addım ən ali məqamlara yüksəlməsi də məhz bu keyfiyyətlərlə bağlı idi.
Heydər Əliyev 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Lakin İkinci Dünya müharibəsinin başlanması onun təhsilini yarımçıq qoyur. Müharibə illəri bütöv bir nəslin taleyini dəyişdiyi kimi, onun da həyat istiqamətinə əsalı təsir göstərir.
1941-1944-cü illər sovet məkanında yalnız hərbi yox, həm də siyasi təhlükəsizlik dövrü idi. Dövlət strukturlarında peşəkar kadrlara ehtiyac artırdı. Bu dövrdə Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və digər inzibati strukturlarda çalışmağa başlayır. Bu mərhələ onun həyatında dönüş nöqtəsi hesab edilə bilər. Heydər Əliyevin dövlət idarəçiliyi sistemində sürətlə fərqlənməsinin güclü intizam və tapşırıqları dəqiq yerinə yetirməsi, məxfilik və dövlətçilik prinsiplərinə ciddi bağlılığı, insanlarla işləmək bacarığı, analitik düşüncə və operativ qərarvermə qabiliyyəti kimi çox mühüm və əsaslı səbəbləri vardı. Məhz bu keyfiyyətlər onun sonradan təhlükəsizlik orqanlarında yüksəlməsinə şərait yaratdı.
1944-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sistemində fəaliyyətə başlaması Heydər Əliyevin siyasi karyerasının əsas başlanğıcı oldu. Bu, sıradan işə qəbul deyildi. Çünki həmin sistemə yalnız xüsusi hazırlığı, intizamı və siyasi etibarlılığı olan şəxslər qəbul edilirdi. O dövrdə təhlükəsizlik orqanları SSRİ-nin ən qapalı və ən sərt strukturlarından biri idi. Bu strukturda işləmək üçün yalnız peşəkarlıq deyil, həm də yüksək psixoloji dayanıqlıq tələb olunurdu.
Heydər Əliyev qısa müddətdə özünü peşəkar kadr kimi göstərə bildi. Gənc H.Əliyev proseslərə yalnız əməliyyat səviyyəsində deyil, siyasi və sosial kontekstdə də yanaşmağı bacarırdı.
Bu dövr onun kadr siyasətini öyrəndiyi, hakimiyyət mexanizmlərini mənimsədiyi, SSRİ daxilində milli respublikaların vəziyyətini analiz etdiyi, siyasi riskləri hesablamağı bacardığı gələcək siyasi həyatının əsas məktəbi oldu.
Sonralar 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələndə göstərdiyi idarəçilik məharətinin kökləri məhz bu illərə dayanırdı.
Ümummilli liderin həyatının uşaqlıq və gənclik dövrünü təhlil etdikdə bir mühüm məqam ortaya çıxır: o, təsadüfi şəkildə hakimiyyətə gələn siyasətçi deyildi. Onun siyası karyerasının formalaşması uzun sosial, siyasi və psixoloji proseslərin nəticəsi idi. Naxçıvan mühiti, ailə intizamı, sovet sisteminin sərt reallığı və təhlükəsizlik orqanlarında qazandığı təcrübə onun milli düşüncəli, strateji təfəkkürlü, sərt və praqmatik, dövlət idarəçiliyinə uyğun lider obrazını formalaşdırdı.
Bu mərhələ əslində gələcək böyük siyasi yolun hazırlıq dövrü idi. 1969-cu ildən sonra isə artıq Heydər Əliyev fəaliyyət göstərdiyi sistemin bir məmuru deyil, Azərbaycanın taleyini dəyişən əsas siyasi fiqura birinə çevriləcəkdi.
1969-cu ildən müstəqilliyə qədər: milli dövlətçilik düşüncəsinin formalaşması: 1969-cu il Azərbaycan tarixində yalnız hakimiyyət dəyişikliyi deyildi. Bu tarix, əslində, sovet sisteminin daxilində Azərbaycanın milli dirçəliş mərhələsinin başlanğıcı idi. Həmin ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildikdən sonra respublikada təkcə iqtisadi və inzibati dəyişikliklər baş vermədi, milli özünüdərk, mədəni dirçəliş və dövlətçilik təfəkkürü də yeni mərhələyə qədəm qoydu.
O dövrün reallığını düzgün qiymətləndirmək üçün bir mühüm məsələni anlamaq lazımdır: Azərbaycan SSR formal olaraq ittifaq respublikası olsa da, real siyasi qərarlar Moskvanın nəzarətində idi. Belə bir sistemdə milli maraqları qorumaq açıq siyasi şüarlar yox, çox incə və strateji siyasət tələb edirdi. Heydər Əliyevin böyüklüyü də məhz burada görünürdü - o, sovet sisteminin daxilində milli dövlətçilik məktəbi yarada bildi.
Heydər Əliyev sovet rəhbəri kimi yox, milli lider kimi formalaşırdı. 1969-cu ildən sonra Azərbaycanda aparılan siyasətə diqqət yetirəndə görünür ki, Heydər Əliyev iqtisadi inkişafı milli intibahın əsas alətlərindən birinə çevirməyə çalışırdı. O anlayırdı ki, zəif iqtisadiyyatı olan xalqın milli müqavimət gücü də zəif olur. Məhz buna görə onun rəhbərliyi dövründə sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatı gücləndirildi, Bakı SSRİ məkanında mühüm sənaye və elm mərkəzlərindən birinə çevrildi, minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi, milli kadr hazırlığı prioritet məsələyə çevrildi. Bu siyasət zahirən sovet modernləşməsi kimi görünürdü. Əslində, bu, gələcək müstəqil Azərbaycanın sosial və intellektual bazasının qurulması idi.
Azərbaycan dili və milli kimlik məsələsi Ulu öndər üçün ən vacib əhəmiyyət daşıyan dəyərlərdən idi. Sovet dövründə ən ciddi təhlükələrdən biri ruslaşdırma siyasəti idi. Xüsusilə, 1960-70-ci illərdə bir çox ittifaq respublikalarında milli dillər sıxışdırılırdı. Belə bir şəraitdə Heydər Əliyev Azərbaycan dilinin qorunmasını strateji məsələ hesab edirdi.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması tarixi hadisə idi. Bu addım Moskvanın tam razılığı ilə baş verməmişdi və ciddi siyasi risk daşıyırdı.
Heydər Əliyev yaxşı anlayırdı ki, dili qorunmayan xalqın gələcəkdə siyasi müstəqilliyi də təhlükə altına düşə bilər. Məhz buna görə onun dövründə Azərbaycan dilində kitab nəşri, teatr fəaliyyəti, poeziya gecələri və milli ədəbi mühit xüsusi şəkildə dəstəklənirdi.
Heydər Əliyevin fəaliyyətinin ən mühüm tərəflərindən biri də ziyalılarla münasibəti idi. O, sovet rəhbərlərinin bir çoxundan fərqli olaraq ədəbiyyatı yalnız ideoloji vasitə kimi görmürdü, ədəbiyyatı xalqın milli yaddaşı hesab edirdi. Bu səbəbdən onun rəhbərliyi dövründə yazıçılar, şairlər, alimlər, teatr xadimləri, rəssamlar, bəstəkarlar dövlət səviyyəsində xüsusi diqqət və qayğı görürdülər.
Azərbaycan Yazıçılar Birliyi o dövrdə sadəcə yaradıcı qurum deyildi, milli düşüncənin qorunduğu əsas məkanlardan birinə çevrilmişdi. Heydər Əliyev xüsusilə milli ruhlu yazıçılara diqqət göstərirdi. O anlayırdı ki, siyasi məhdudiyyətlərin olduğu şəraitdə xalqın milli düşüncəsini yaşadan əsas qüvvə məhz ədəbiyyatdır. Bu dövrdə Mircəlal Paşayev, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Nəbi Xəzri, Söhrab Tahir, Balaş Azəroğlu, Əli Tudə kimi şair və yazıçıların yaradıcılığı əslində milli özünüdərk prosesinin bir hissəsinə çevrilmişdi.
Sovet sistemində milli düşüncəli ziyalılar tez-tez təzyiqlərlə üzləşirdi. Xüsusilə, milli tarix, türkçülük və Cənubi Azərbaycan mövzularına toxunan şəxslər təhlükəli hesab olunurdu. Heydər Əliyev ziyalıların repressiyaya məruz qalmasının qarşısını alırdı. Bu proses həmişə açıq şəkildə görünmürdü, çünki sovet sistemi daxilində bir müttəfiq respublika rəhbərinin manevr imkanları məhdud idi. Lakin arxiv xatirələri və dövr şahidlərinin çıxışları göstərir ki, o, öz fəaliyyəti dövründə bir qayda olaraq milli düşüncəli şəxslərin cəzalardan qorunmasına çalışırdı. Bu, xüsusilə milli mövzuda yazan şairlərin müdafiəsi, türkçülük düşüncəsinə görə təzyiqlərin yumşaldılması, yaradıcı insanların Moskvaya şikayət edilməsinin qarşısının alınması, milli ruhlu əsərlərin tam qadağan olunmamasına çalışılması istiqamətlərdə özünü göstərirdi. Əslində, sərt sovet senzurasıın basqısı altında milli ədəbiyyatı bütün kökləri ilə yaşatmaq özü böyük siyasi manevr qabiliyyəti, müdriklik və cəsarət tələb edirdi.
Cənubi Azərbaycan məsələsi
Heydər Əliyevin fəaliyyətində ən diqqətçəkən mövzulardan idi. SSRİ dövründə İranla bağlı milli məsələlər olduqca həssas hesab olunurdu. Açıq şəkildə “Bütöv Azərbaycan”, “Güney Azərbaycan” kimi ideyaları gündəmə gətirmək təhlükəli idi. Buna baxmayaraq, həmin dövrdə Azərbaycan poeziyasında və ədəbiyyatında Cənubi Azərbaycan mövzusunun güclənməsi təsadüfi deyildi. Bir çox şairlərin və ziyalıların xatirələrində qeyd olunur ki, Heydər Əliyev milli ruhlu yaradıcılığı diqqətlə izləyir, xüsusilə, Cənubi Azərbaycan mövzusunun ədəbiyyatda yaşamasını vacib hesab edirdi. Bu siyasət Cənubi Azərbaycan şairlərinin əsərlərinin yayılması, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığına xüsusi diqqət, Araz mövzusunun poeziyada güclənməsi, xalqın bölünmüş taleyinin ədəbiyyatda simvolik şəkildə ifadə olunması istiqamətlərində özünü göstərirdi.
Heydər Əliyev müstəqillik dövründə də Dünya azərbaycanlılarının birliyi məsələsini prioritet istiqamətlərdən biri hesab edirdi. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu baxımdan tarixi hadisə idi. Bu qurultayla Dünya azərbaycanlılarının təşkilatlanması, milli kimlik məsələsi, ana dili, Cənubi Azərbaycanla mənəvi bağların qorunması dövlət siyasəti səviyyəsinə yüksəldi. Heydər Əliyevin çıxışlarında “bir millət, iki dövlət” anlayışı da xüsusi yer tuturdu və Türkiyə ilə münasibətlər strateji səviyyəyə yüksəldildi.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanın beynəlxalq arenada müstəqil siyasi aktora çevrilməsi idi. 1990-cı illərin əvvəllərində Azərbaycan xarici siyasətdə zəif və təcrid olunmuş vəziyyətdə olsa da, sonrakı illərdə ABŞ, Rusiya, Türkiyə, Avropa dövlətləri, Orta Asiya ölkələri ilə balanslı münasibətlər quruldu. Onun xarici siyasəti əsasən praqmatik xarakter daşıyırdı. O, emosional ritorikadan daha çox müdrik-praktik və balans siyasətinə üstünlük verirdi.
1969-1982-ci illər Azərbaycanın sovet dövründə ən güclü mədəni yüksəliş mərhələlərindən biri hesab olunur. Bu dövrdə teatrlar inkişaf etdi, kino sənəti gücləndi, milli musiqi dövlət səviyyəsində dəstəkləndi, muğam və xalq yaradıcılığı qorundu, klassik irs yenidən araşdırıldı. Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi sənətkarların fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilirdi. Eyni zamanda klassik Azərbaycan ədəbiyyatı, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi böyük şairlərimizin və digər milli-mədəni irs nümunələrimizin təbliği gücləndirilirdi. Bu siyasətin əsas məqsədi Azərbaycanı SSRİ daxilində sadəcə inzibati vahid yox, qədim və böyük mədəniyyətə malik xalq kimi təqdim etmək idi.
1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə - Sov.İKP MK Siyasi Bürosuna yüksəlməsi Azərbaycan tarixində mühüm hadisə idi. İlk dəfə idi ki, bir azərbaycanlı sovet imperiyasının ən yüksək siyasi rəhbərliyində təmsil olunurdu. Bu hadisə Azərbaycan cəmiyyətində böyük psixoloji dönüş yaratdı. Çünki xalq ilk dəfə öz nümayəndəsinin dünya siyasətinə təsir edə biləcək səviyyəyə yüksəldiyini gördü. Onun Moskvadakı fəaliyyəti dövründə də Azərbaycanla əlaqələri davam edirdi və respublikanın maraqları diqqətdə saxlanılırdı.
Müstəqillik dövrü: dövlətin xilası, milli strategiyanın yaradılması və tarixi dönüş mərhələsi: 1969-cu ildən müstəqilliyə qədər olan dövrü təhlil etdikdə görünür ki, Heydər Əliyevin fəaliyyəti yalnız sovet rəhbərinin fəaliyyəti deyildi. O, sovet sistemi daxilində Azərbaycanın gələcək müstəqilliyinin intellektual və milli əsaslarını formalaşdırmağa çalışırdı. Bu mərhələdə milli kadr potensialının yaradılması, Azərbaycan dilinin qorunması, milli ədəbiyyat və mədəniyyətin inkişafı, ziyalıların himayəsi, Cənubi Azərbaycan yaddaşının qorunması, dövlətçilik düşüncəsinin gücləndirilməsi onun əsas xidmətlərindən idi. Əslində, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqda ölkənin ayaqda qala bilməsi üçün lazım olan intellektual baza böyük ölçüdə məhz 1969-1982-ci illərdə formalaşdırılmışdı.
1991-ci ildə Azərbaycan formal olaraq müstəqillik qazansa da, dövlətçilik baxımından son dərəcə ağır və təhlükəli bir mərhələyə daxil olmuşdu. SSRİ dağıldıqdan sonra ölkədə siyasi hakimiyyət böhranı, iqtisadi iflas, hərbi məğlubiyyətlər, separatizm təhlükəsi və idarəçilik xaosu hökm sürürdü. Azərbaycan həm daxildən parçalanma, həm də xaricdən geosiyasi təzyiqlərlə üz-üzə idi. Belə bir şəraitdə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı təkcə siyasi dəyişiklik deyil, haqlı olaraq dövlətin faktiki xilası kimi qiymətləndirilir. Bu dövrü təhlil edərkən Heydər Əliyevin fəaliyyətini dörd əsas istiqamətdə xarakterizə etmək olar: dövlətçiliyin qorunması, iqtisadi sistemin qurulması, milli ideologiyanın formalaşdırılması və Azərbaycanın beynəlxalq siyasi subyektə çevrilməsi.
1992-1993-cü illərdə Azərbaycan faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Qarabağ müharibəsində ağır itkilər verilmiş, daxildə silahlı qruplar meydana çıxmış, iqtisadiyyat çökmüşdü. Gəncə hadisələri və ölkədə vətəndaş qarşıdurması təhlükəsi artıq dövlətin parçalanması riskini yaratmışdı. Məhz bu şəraitdə xalqın və siyasi elitanın mühüm hissəsi çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görürdü.
1993-cü ilin iyununda onun Bakıya gəlişi Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi.
Bu mərhələdə Heydər Əliyevin əsas üstünlüyü yalnız siyasi təcrübəsi deyildi. O, SSRİ səviyyəsində böyük idarəçilik məktəbi keçmişdi, regional və qlobal siyasi gücləri tanıyırdı, daxili qarşıdurmaları idarə etməyi bacarırdı, emosional deyil və strateji qərarlar verirdi.
1993-1995-ci illər Heydər Əliyevin hakimiyyətində əsasən dövlətin dağılmasının qarşısını almaq mərhələsi idi. Bu dövrdə silahlı qruplar zərərsizləşdirildi, mərkəzi hakimiyyət gücləndirildi, separatizm meyilləri zəiflədildi, dövlət institutları yenidən quruldu, ordu sistemləşdirilməyə başlandı. 1994-cü ildə atəşkəsin əldə olunması isə Azərbaycanın tam hərbi-siyasi fəlakətə sürüklənməsinin qarşısını aldı. Bu addım o dövrdə bəzən tənqid edilsə də, strateji baxımdan mühüm qərar idi. Çünki ölkə həm iqtisadi, həm hərbi, həm də siyasi baxımdan uzunmüddətli müharibəni davam etdirəcək vəziyyətdə deyildi. Heydər Əliyev ilk növbədə dövlətin yaşamasını prioritet hesab edirdi.
Əsrin müqaviləsi - iqtisadi və geosiyasi dönüş nöqtəsi: 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsi müstəqil Azərbaycan tarixinin ən mühüm strateji hadisələrindən biri hesab olunur. Bu müqavilə sadəcə iqtisadi sənəd deyildi. O, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin etdi, Qərb dövlətlərinin regiona marağını artırdı, Azərbaycanın geosiyasi əhəmiyyətini yüksəltdi və ölkənin gələcək maliyyə bazasını formalaşdırdı. Əsrin müqaviləsi ilə dünyanın aparıcı enerji şirkətləri Azərbaycana gəldi və Xəzər hövzəsi beynəlxalq enerji siyasətinin mərkəzlərindən birinə çevrildi.
Bu mərhələdə Heydər Əliyevin siyasi uzaqgörənliyi xüsusilə diqqət çəkirdi. O anlayırdı ki, zəif iqtisadiyyatla müstəqil siyasət aparmaq mümkün deyil. Məhz bu səbəbdən enerji siyasəti dövlət müstəqilliyinin əsas dayağına çevrildi. Sonradan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin əsası da həmin strategiya ilə qoyuldu.
Müstəqillik dövründə Heydər Əliyevin ən mühüm fəaliyyət istiqamətlərindən biri də Milli ideologiya və azərbaycançılıq konsepsiyası zəminində milli ideologiyamızın yaradılması oldu. SSRİ dağıldıqdan sonra postsovet ölkələrinin əksəriyyətində ciddi ideoloji boşluq yaranmışdı. Azərbaycanda isə bu boşluq həm regional, həm dini, həm də siyasi parçalanma riskləri yaradırdı. Heydər Əliyev bu vəziyyətdə azərbaycançılıq ideyasını dövlət ideologiyası səviyyəsinə yüksəltdi. Bu konsepsiyanın əsas məzmunu milli dövlətçilik, Azərbaycan dilinə bağlılıq, multikultural mühit, türk-müsəlman kimliyi ilə modern dövlət modeli arasında balans və dünya azərbaycanlılarının birliyidir.
Heydər Əliyev müstəqillik dövründə də ədəbiyyat və mədəniyyətə strateji sahə kimi yanaşırdı. 1990-cı illərin ağır iqtisadi vəziyyətinə baxmayaraq, yazıçılarla görüşlər keçirilirdi, yubileylər təşkil olunurdu, klassik irsin qorunmasına diqqət ayrılırdı, mədəniyyət xadimlərinə dövlət qayğısı göstərilirdi. Bu dövrdə klassik irsimizin, həmçinin Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi sənətkarlarımızın irsi yenidən dövlət səviyyəsində ön plana çıxarıldı. Xüsusilə, Hüseyn Cavidin irsinə münasibət simvolik xarakter daşıyırdı. Onun nəşinin vaxtilə Naxçıvana gətirilməsi və məqbərəsinin tikilməsi milli yaddaş siyasətinin mühüm nümunələrindən biri idi.
Heydər Əliyevin idarəçilik fəlsəfəsində ziyalı məfhumu xüsusi yer tuturdu. O hesab edirdi ki, dövlət yalnız iqtisadiyyatla deyil, həm də milli düşüncə ilə ayaqda qalır. Bu səbəbdən alim, yazıçı, şair, bəstəkar və ümümilikdə incəsənət xadimləri dövlət səviyyəsində himayə olunurdu. Onun çıxışlarında tez-tez belə fikir görünürdü ki, xalqın milli sərvəti yalnız neft deyil, onun ziyalı potensialıdır. Məhz buna görə 1990-cı illərin ağır böhran dövründə belə mədəniyyətin inkişafına xüsusi diqqət yetirilirdi.
Heydər Əliyev sovet dövründə başladığı təhsil və milli kadr siyasətini müstəqillik illərində də davam etdirdi. Bu dövrdə xaricdə təhsil məsələsi gündəmə gəldi, milli ordu kadrları hazırlanmağa başladı, diplomatik məktəb formalaşdırıldı və dövlət idarəçiliyində peşəkarlığın səviyyəsi gücləndirildi.
Bu siyasət sonrakı illərdə Azərbaycanın institusional inkişafının əsasını təşkil etdi.
Heydər Əliyev irsinin davamı:
2003-cü ildə səhhətinin ağırlaşmasına baxmayaraq, Heydər Əliyev artıq Azərbaycanın gələcək siyasi və iqtisadi kursunu müəyyən etmişdi. O, dünyasını dəyişdiyi zaman Azərbaycan beynəlxalq enerji layihələrinin mərkəzinə çevrilmiş, siyasi institutlarını formalaşdırmış, milli ideoloji xəttini müəyyən etmiş və dünya azərbaycanlılarını vahid platformaya toplamağa başlamışdı. Bu səbəbdən Heydər Əliyev yalnız siyasi lider kimi deyil, müstəqil Azərbaycan dövlətçiliyinin memarı kimi xarakterizə olunur.
Azərbaycanın müasir tarixinə bütöv şəkildə baxdıqda aydın görünür ki, Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik fəlsəfəsi sonrakı mərhələdə onun layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi dövründə yeni tarixi mərhələyə qədəm qoydu. Əgər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi və strateji əsaslarını yaratdısa, İlham Əliyev həmin əsasları XXI əsrin reallıqları içərisində güclü dövlət modelinə çevirdi.
Bu baxımdan müasir Azərbaycan tarixini uğurlu bir siyasi irsin davamlılığına əsaslanan iki böyük mərhələ kimi xarakterizə etmək mümkündür: Heydər Əliyev dövrü - Azərbaycanın xilası və yeni müstəqill dövlətimizin təməllərinin qurulması və İlham Əliyev dövrü - güclü dövlətin yüksəlişi və tarixi Zəfərin təmin olunması.
İlham Əliyev böyük dövlətçilik təcrübəsi, tükənməz zəkası və sarsılmaz iradəsi ilə müstəqill Azərbaycan dövlətini müasir və modern inkişaf nümunəsinə çevirdi. İkinci Qarabağ müharibəsində 44 gündə qazandığımız Möhtəşəm Zəfər 1993-cü ildən başlayaraq uzun illər ərzində aparılmış siyasi, iqtisadi, diplomatik və hərbi strategiyanın nəticəsi idi.
“Dəmir yumruq” fenomeni: 2020-ci ildə Azərbaycan xalqı tarixinin ən böyük milli birlik nümunələrindən birini nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və regionda Azərbaycan mərkəzli yeni geosiyasi reallıq yarandı. O dövrdə dillər əzbərinə çevrilən “Dəmir yumruq” ifadəsi yalnız hərbi güc anlamı daşımırdı, əslində dövlətlə xalqın birliyi, siyasi iradə, milli həmrəylik, tarixi yaddaş və azərbaycançılıq ideologiyası demək idi. Bu Zəfərin ideoloji kökləri isə böyük ölçüdə Heydər Əliyev məktəbinə dayanırdı.
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi ən böyük ideoloji miraslardan biri azərbaycançılıq konsepsiyasıdır. Bu ideya yalnız siyasi nəzəriyyə deyildi. O: milli birlik modeli, dövlətçilik fəlsəfəsi, mədəni özünüdərk sistemi, dünya azərbaycanlılarının mənəvi platforması idi. İlham Əliyev dövründə bu konsepsiya daha da genişləndi və qlobal xarakter aldı.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı dil, tarix, mədəniyyət, Qarabağ həqiqətləri, milli maraqlar ətrafında daha sıx birləşməyə başlayıbsa, bunun ideoloji əsası məhz Heydər Əliyevin yaratdığı azərbaycançılıq məktəbidir.
Heydər Əliyev yaxşı anlayırdı ki, gələcəyin dünyasında yalnız coğrafi sərhədlərlə böyük dövlət olmaq mümkün deyil. Güclü diaspora, mədəni nüfuz və milli birlik də vacib amillərdir. Bu səbəbdən onun təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı tarixi əhəmiyyət daşıyırdı. İlham Əliyevin hakimiyyəti dövründə bu siyasət daha sistemli şəkildə davam etdirildi: diaspora təşkilatları gücləndirildi, Qarabağ həqiqətləri dünyaya çatdırıldı, xaricdə yaşayan azərbaycanlıların koordinasiyası artdı, milli-mədəni layihələr genişləndi. Xüsusilə Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların göstərdiyi birlik bu siyasətin real nəticəsi idi.
İlham Əliyev dövründə Heydər Əliyevin mədəniyyət siyasəti də uğurla davam etdirildi. Bu istiqamətdə: Şuşa Azərbaycanın mədəniyyət paytaxtına çevrildi, Molla Pənah Vaqifin məzarı yenidən bərpa edildi, Qarabağda digər tarixi abidələrin bərpasına başlanıldı, muğam, aşıq sənəti və klassik irs dövlət səviyyəsində qorundu və dünya miqyasında Azərbaycan mədəniyyəti yeni reallıqları ilə təbliğ olunmağa başladı. Şuşanın azad olunması yalnız hərbi deyil, həm də mədəni qələbə idi. Çünki Şuşa Azərbaycan milli ruhunun simvollarından biri hesab olunur. Bu baxımdan Zəfər həm də milli yaddaşın bərpası idi.
Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası İlham Əliyev dövründə daha böyük miqyas aldı. Enerji layihələri genişləndirildi, Cənub Qaz Dəhlizi reallaşdırıldı, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrildi, qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atıldı və ən əsası tarixi Zəngəzur dəhlizi məsələsi həllini tapmaq üzrədir. Bu iqtisadi güc sonradan Azərbaycanın həm diplomatik, həm də hərbi imkanlarını artırdı. Əslində, 2020-ci il Zəfərinin arxasında yalnız ordu yox, uzun illər formalaşdırılmış iqtisadi müstəqillik də dayanırdı.
Bu gün Heydər Əliyev irsinə yalnız keçmişin siyasi xatirəsi kimi baxmaq doğru olmazdı. Onun irsi müasir Azərbaycan dövlətçiliyinin ideoloji və strateji təməlidir.
Dövlətçilik düşüncəsi, azərbaycançılıq ideologiyası, milli birlik, güclü dövlət modeli, dünya azərbaycanlılarının həmrəyliyi, milli-mədəni yaddaşın qorunması kimi əhəmiyyətli məsələlər bu irsin əsas sütunlarıdır. Heydər Əliyevin ən böyük strateji arzularından biri yalnız güclü Azərbaycan dövləti yaratmaq deyildi. O, həm də parçalanmış milli yaddaşı birləşdirmək, dünya azərbaycanlılarını ortaq ideya ətrafında toplamaq istəyirdi.
Bu baxımdan gələcək üçün ən böyük missiya məhz budur: Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyini qorumaq. Çünki müasir dünyada xalqları yaşadan yalnız sərhədlər deyil. Onları yaşadan ortaq yaddaş, ortaq dil, ortaq mədəniyyət, ortaq dövlətçilik düşüncəsi, milli həmrəylikdir. Bu gün azərbaycançılıq ideologiyası artıq təkcə Azərbaycanın daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının mənəvi bağını formalaşdıran əsas platformaya çevrilməkdədir. Və bu ideoloji xəttin başlanğıcında Heydər Əliyev, onun müasir tarixi davamında isə İlham Əliyev dayanır. Ulu öndərlə başlayan tarixi missya Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları, sarsılmaz əzmi və iradəsi sayəsində uğurla davam etdirilir.
Sayman Aruz
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.