AZ

Zamanı aşan liderlik: Heydər Əliyevdən müasir Azərbaycana – Tənzilə Rüstəmxanlı yazır

media-whatsapp-image-2025-12-17-at-21-04-54

Onun fəaliyyəti yalnız müəyyən bir dövrün idarə olunması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişaf modelini müəyyən edən fundamental siyasi məktəb kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin siyasi portretini xarakterizə edən əsas cəhətlərdən biri milli maraqları bütün məsələlərdən üstün tutması idi. O, dövlət idarəçiliyində reallığa əsaslanan praqmatik yanaşmanı, güclü siyasi intizamı və strateji düşüncə tərzini əsas prinsipə çevirmişdi.

Hələ sovet dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikanın sosial-iqtisadi göstəricilərində baş verən əsaslı dəyişikliklər onun idarəçilik qabiliyyətinin aydın göstəricisi idi. 1969-cu ildən başlayaraq həyata keçirilən sistemli islahatlar nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında iqtisadi potensialını sürətlə artıran respublikalardan birinə çevrildi.

Sənayeləşmə siyasəti, kənd təsərrüfatının modernləşdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və milli kadr hazırlığı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm baza formalaşdırdı. Ulu Öndər yaxşı anlayırdı ki, güclü iqtisadiyyat olmadan siyasi müstəqilliyi qorumaq mümkün deyil. Buna görə də iqtisadi inkişafı milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirdi.

Ulu Öndər Heydər Əliyevin fəaliyyətində diqqəti cəlb edən mühüm istiqamətlərdən biri də milli kimliyin və dövlətçilik təfəkkürünün qorunması idi. Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətin təşviqi və tarixi yaddaşın qorunması istiqamətində ardıcıl addımlar atılırdı. Bu siyasət xalqın milli özünüdərk prosesini gücləndirdi və gələcək müstəqillik ideyalarının ictimai əsaslarını formalaşdırdı.

1980-ci illərin sonlarında SSRİ-də başlayan siyasi böhran fonunda Azərbaycanın qarşılaşdığı təhlükələr Ulu Öndərin siyasi prinsipiallığını daha aydın şəkildə ortaya qoydu. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının genişləndirilməsi və Dağlıq Qarabağ məsələsində mərkəzi hakimiyyətin qeyri-obyektiv mövqeyi Ulu Öndər Heydər Əliyev tərəfindən açıq şəkildə tənqid edilirdi. 1987-ci ildə SSRİ rəhbərliyinin siyasi kursuna etiraz olaraq vəzifələrindən istefa verməsi onun siyasi xarakterinin və milli mövqeyinin mühüm göstəricilərindən biri idi.

Ümummilli Lider hələ sovetlər dönəmində böyük uzaqgörənlik və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaratdı. Bu danılmaz həqiqətin mahiyyətinə qədərincə varmaq üçün insanda yalnız və yalnız heyrət doğuran faktların təkcə bir qisminə diqqət yetirmək kifayətdir.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər ölkəyə müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir.

Azərbaycan ziyalısını keçən yüzilliklərdə ən ciddi şəkildə düşündürən milli dirçəliş Heydər Əliyevin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün Ulu Öndərin hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərini heç kim inkar edə bilməz. Onun ölkədə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlətimizin möhkəmlənməsi, iqtisadi-sosial sahədə, neft strategiyasında tarixi addımlar atılması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikanın mövqeyinin gücləndirilməsi sahəsində gördüyü işlər unudulmazdır.

Ulu Öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Məhz Heydər Əliyevin sayəsində respublikada dinamik iqtisadi inkişafa zəmin yaranmışdır. Bu siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da inkişaf etmiş və sivil dövlətlər sırasına çatmışdır.

Ümumiyyətlə, siyasi, iqtisadi, sosial, mədəni həyatda, ordu quruculuğunda, beynəlxalq sahədə, bir sözlə, dövlətçiliyin gücləndirilməsində, ölkənin tərəqqisində nə qədər yeniliklər, uğurlar əldə edilmişdirsə, bunların hamısı Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib. Bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.

Bütün bu reallıqlar bir daha təsdiq edir ki, bugünkü qüdrətli Azərbaycan dövlətinin banisi məhz Ulu Öndər Heydər Əliyevdir. Ancaq Ulu Öndərin digər şah əsəri yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Bu məktəbi və irsi isə daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən Azərbaycan Prezidenti, Müzəffər Komandan İlham Əliyevdir.

Xalqın mütləq əksəriyyətinin böyük etimadı ilə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyev ötən müddət ərzində Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, onun xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət – müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir.

Prezident İlham Əliyevin diqqət və qayğıkeşliyi nəticəsində bu gün sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində Azərbaycanda məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi müasir reallıqlardır.

Bu gün Şuşada dalğalanan Azərbaycan bayrağının kölgəsi bütün Qarabağa, Şərqi Zəngəzura düşür. İşğaldan azad edilən torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri isə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan bütün layihələri Azərbaycan heç kimdən yardım almadan öz gücünə həyata keçirir.

Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi bir daha Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.

Seçilən
3
50
moderator.az

10Mənbələr