Cənubi Qafqazda dəyişən geosiyasi proseslər fonunda Ermənistanın xarici siyasətdə yeni istiqamətlər axtarması Moskvanın narahatlığını artırır. İrəvanın son dövrlərdə Qərb strukturları ilə əlaqələri genişləndirməsi və Ukrayna ilə təmaslarını aktivləşdirməsi Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətləri daha qabarıq şəkildə üzə çıxarıb. Ekspertlər hesab edirlər ki, mövcud proseslər iki ölkə arasında siyasi etimad böhranını daha da dərinləşdirə bilər.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə qəzəblə yanaşması məntiqsiz və absurd yanaşmanın göstəricisidir:

“Əgər Rusiya Ermənistanı müstəqil dövlət kimi qəbul edirsə, o zaman İrəvan istənilən xarici ölkənin prezidentini və nümayəndələrini qəbul etmək hüququna malikdir. Əks halda, Kreml Ermənistanın statusuna dair öz mövqeyini açıq şəkildə izah etməlidir. Mövcud vəziyyət göstərir ki, Kreml Ermənistanı hələ də tam suveren dövlət kimi görmür. Rusiyada Ermənistanın Moskvanın təsir dairəsində olan ölkə kimi davranmalı olduğu düşüncəsi qalmaqdadır. Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsinin açıqlaması da Kremlin imperiya təfəkküründən çıxış etdiyini nümayiş etdirir.
Baş nazir Nikol Paşinyan da məsələyə münasibətində Kremlin narazılığına səbəb olan mesajlar verib. O bildirib ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Bu isə onu göstərir ki, İrəvan Ukrayna-Rusiya münaqişəsində Moskvanın maraqlarına uyğun siyasət yürütmək niyyətində deyil. Belə yanaşma Ermənistanın Rusiyadan uzaqlaşma siyasətinin davam etdiyini göstərir.
Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində də qələbə qazanarsa, Ermənistanın hazırkı Qərbə inteqrasiya kursunun davam edəcəyi, hətta daha da sürətlənəcəyi ehtimalı yüksəkdir. Bu halda Rusiya-Ermənistan münasibətləri daha da gərginləşə və böhran mərhələsinə keçə bilər”.
Politoloq əlavə edib ki, Rusiyanın Ermənistana təsir göstərmək üçün müxtəlif siyasi və iqtisadi təzyiq mexanizmləri mövcuddur və İrəvanın bu təzyiqlərə nə dərəcədə davam gətirə biləcəyi hələlik aydın deyil:
“Rəsmi İrəvanın alternativ geosiyasi dayaq nöqtələri formalaşdırıb-formalaşdıra bilməyəcəyini indidən söyləmək çətindir. Bununla yanaşı, Rusiyanın Ermənistana qarşı daha sərt təzyiq üsullarına əl atmaq ehtimalı da istisna edilmir”.
//Gülnarə Abasova, Editor.az