Dövlət Əmək Müfəttişliyi Xidməti aparılan araşdırmalar zamanı 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayıb və işəgötürənlər barəsində inzibati tədbirlər görüb. Bu barədə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Aidiyyəti dövlət orqanlarından daxil olmuş materialların araşdırılması nəticəsində vəzifəli şəxslərə ümumilikdə 6 min manat məbləğində cərimə tətbiq olunub.
Bundan əlavə, uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan fəaliyyətə cəlb edilməsi ilə bağlı daha bir fakt üzrə 3,300 manat inzibati cərimə kəsilib.
Məlumatda qeyd olunub ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir məcburi əmək faktı da müəyyən edilib və bununla bağlı cinayət işi başlanıb.
Prosessual araşdırmalar zamanı zərərçəkmiş şəxsin Monteneqronun tikinti sektorunda istismar olunduğu müəyyən edilib.
Gülnar Nazimqızı