Sabah Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.
Bu barədə Musavat.com-a ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib. Onun sözlərinə görə, iclasda may ayında keçirilməsi nəzərdə tutulan konfransın tarixi İdarə Heyəti tərəfindən təsdiqlənəcək.
Əli İsa Cabbarov bildirib ki, konfransın gündəliyi də müəyyənləşdiriləcək və sədr seçkisi ilə bağlı məsələlər müzakirə olunacaq:
“İdarə Heyətinin namizəd təqdim etmək öhdəliyi yoxdur, belə bir tələb nizamnamədə nəzərdə tutulmayıb. Amma ali orqan kimi tövsiyə xarakterli təkliflərlə çıxış edə bilər. Namizədlər konfransda irəli sürüləcək və səsverməyə çıxarılacaq. Böyük ehtimalla konfrans may ayının sonlarında keçiriləcək. Hər halda, may ayının sonundan gec olmayaraq konfransı keçirməliyik”.
O əlavə edib ki, İdarə Heyətinin iclasında son 6 ay ərzində görülən işlərlə bağlı hesabat da dinləniləcək. Konfransın əsas gündəliyini isə sədr seçkisi təşkil edəcək.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Memorial Xəstəxanasında vəfat edib. Bu gün mərhumun 40 mərasimi keçirilir.
Şahanə Rəhimli
Musavat.com