ain.az bildirir, Xalq qazeti portalına istinadən.
2026-ci il mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 540 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Namizədlərin 53 faizi Bakı şəhərinin, 47 faizi isə regionların payına düşür. İştirakçıların 6,7 faizi xarici, 93,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali təhsil müəssisəsi 51 faizlik göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə görə iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Bundan əlavə, namizədlərin 35 faizi qadın, 65 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası üzrə müraciət edənlər ümumi sayın 0,4 faizini təşkil edir.
Eyni zamanda imtahanda iştirak edən 540 namizədin 420 nəfəri (78 faiz) özəl müəssisə və digər təşkilatlarda, 120 nəfəri (22 faiz) isə dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45 nəfəri məhkəmə orqanlarında, 9 nəfəri ədliyyə sistemində, 5 nəfəri daxili işlər orqanlarında, 1 nəfəri prokurorluqda, 60 nəfəri isə digər dövlət qurumlarında fəaliyyət göstərir.
Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 525 nəfər iştirak edib və onlardan 315 nəfəri uğur qazanıb.
Bildirmək istərdik ki, uğur qazanan namizədlərdən 1-i Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verən şəxsdir.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 01.06.2026-cı il tarixdən 01.07.2026-cı il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;
7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;
8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
9. Vəkilin şəxsi məlumat vərəqəsi;
10. Tərcümeyi-hal.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin SİYAHISI
Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizəd
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.