Azərbaycan Mərkəzi Bankı ölkədə 2026 və 2027-ci illər üzrə gözlənilən inflyasiya proqnozlarını artım istiqamətində dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, may ayının proqnozlarına əsasən 2026-cı ildə Azərbaycanda inflyasiyanın 5,9% olacağı gözlənilir. Bu fevralda proqnoz edilən 5,7%-dən yüksəkdir.
«Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə may proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.9% olacağı gözlənilir»-deyə AMB rəhbəri bildirib.
2027-ci ildə isə qiymət artımının 4,5% olacağı gözlənilir ki, bu da fevralda elan edilən 4%-lik proqnozdan yüksəkdir: «!Gələn il üçün infilyasiyaya proqnozu 0,5 faiz bəndi artırılıb».
Mərkəzi Bankın rəhbəri bildirib ki, inflyasiya proqnozunun artması əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir: «Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir».