AZ

Mərkəzi Bank inflyasiya proqnozunu artırdı

Azərbaycan Mərkəzi Bankının baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Musavat.com xəbər verir ki, tənzimləyici bu il və gələn il üzrə inflyasiya proqnozunu 0,5 faiz bəndi artırıb. Belə ki, 2026-cı il üzrə proqnoz 5,5 faizdən 5, 9 faizə, 2027-ci ildə isə 4 faizdən 4,5 faizə qaldırılıb. Mərkəzi Bank bildirir ki, inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir.

Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Mərkəzi Bankın apreldə keçirilən sonuncu iclasından bəri artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq.

Məlumat üçün qeyd edək ki, cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır.

Dünya,
Musavat.com

Seçilən
2
20
musavat.com

10Mənbələr