AZ

“Karyeramı “Neftçi”də bitirə bilərəm” – Emil Səfərov

“Neftçi” Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə “Karvan-Yevlax”ı məğlub edib – 2:0. Matçın ardından “ağ-qaralar”ın futbolçusu Emil Səfərov İdmanxeber.az saytına müsahibə verib. 

“Neftçi”nin son dövrlərdə formada olan futbolçusu komandanın uğurlu çıxışını və özünün gələcək karyerası barədə danışıb.

– Oyunu necə şərh edirsən?

Maraqlı görüş idi. Belə oyunlarda qalib gəlmək lazımdır. Süni meydançada çıxış etmək ağır olur. Ancaq bizim hədəfimiz var. Avrokuboklara yollanmaq istəyirik. Buna görə də bütün görüşlərə final matçı kimi hazırlaşırıq. Konfrans Liqasınsa oynamaq istəyirik.

– Son dönəmlərdə komanda çox uğurlu çıxış edir. Niyə mövsüm əvvəlində belə “Neftçi” görə bilmirdik?

Açığı, bu suala konkret cavab vermək çətindir. Mövsümün əvvəlində komanda yeni yığılmışdı. Bəlkə də tam hazır deyildik. Bu da səbəblərdən ola bilər. Təbii ki, burada baş məşqçi amili də var. Komandada məşqçi işi də görsənir. Keçmiş barədə çox danışmağın mənası yoxdur. Çünki artıq geridə qalıb. Bu gün hədəfimizə doğru irəliləmək lazımdır. İşimizə ciddi yanaşmalıyıq.

– Ötən oyun “Qarabağ”a qarşı qalib gəldiniz və qol vurdun. Derbi qələbəsi yəqin ki, komandaya yaxşı təsir edib…

Birinci görüşdə 1:5 hesabı ilə məğlub olduq. Bu, hamımıza çox pis təsir etdi. Belə məğlubiyyətdən sonra toparlanmaq asan olmur. Başa düşdük ki, belə olmaz. Daha yaxşı hazırlanmalıyıq. Oyundan öncə sanki hiss edirdim. Hiss edirdim ki, nəsə edəcəm (gülür). Çox şükür ki, qol vurdum və qələbə qazandıq. Komandada inam var idi. Uduzmağı düşünmürdük. Əslində bütün oyunlara belə yanaşmaq lazımdır.

– Bu gün avrokubok hədəfiniz öz əlinizdə deyil. Səncə, “Zirə” – “Sabah” görüşü necə bitəcək?

İki komandaya da uğurlar arzulayıram. Güclü olan qalib gəlsin. Hamı bilir ki, bizə “Sabah”ın udmağı lazımdır. Çünki yalnız bu halda Konfrans Liqasına gedə bilərik. Amma ona qədər biz öz işimizi görməliyik. Çempionatı 4-cü pillədə bitirmək üçün yaxşı oynamalıyıq.

– Mövsümün sonuna yaxın adın transfer xəbərləri ilə hallanır. Gələcək planların nədir? Avropaya üz tutmaq niyyətin var?

Hazırda “Neftçi”yəm. Rəsmi heç bir təklifim yoxdu. Sosial şəbəkələrdə bəzi səhifələr belə paylaşımlar edirlər. Ancaq yazılanlar doğru deyil.

– Bu gün azarkeşlər səni çox istəyirlər. Hətta bəziləri səni gələcəkdə “Neftçi”nin kapitanı kimi görür. Karyeranın sona qədər burada qala bilərsən?

– Təbii ki, ola bilər. “Neftçi” böyük klubdur, ölkənin “flaqman”ıdır. Çox futbolçuların xəyalıdır ki, “Neftçi”də oynasın. Çox şükür ki, bu gün buradayam. Çalışıb daha yaxşı oynamaq lazımdır. Gələcəkdə kapitan olub-olmayacağımı zaman göstərəcək. Amma karyeramı “Neftçi”də də bitirə bilərəm. Bu klubda yadda qalan futbolçulardan olmaq istəyirəm.

Həsən Quluzadə

Seçilən
2
50
idmanxeber.az

10Mənbələr