“Hakimlər haqqında danışmaq, kimisə müzakirə etmək həmişə çox asandır”.
Bunu Bizim.Media-ya müsahibəsində “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.
O, sona 3 tur qalmış Gəncə klubu üçün 2025/26-cı il mövsümünün dəyərləndirməsini edib, növbəti mövsümdəki gözləntilərindən danışıb.
Baş məşqçi ilə müsahibəni təqdim edirik:
- Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/26-cı il mövsümün bitməsinə az qalıb. Ümumiyyətlə, bu mövsümü “Kəpəz” üçün necə dəyərləndirirsiniz?
- Komandaya gəldiyimdən yəni, 6-cı turdan starta “Qarabağ” ilə başladıq. Komanda məğlubiyyətlərdən psixoloji olaraq daha da gərginləşmişdi. Qışa qədər olan dövrəni yaxşı keçirmədik, amma qışdan sonrakı dövrənin startını yaxşı götürdük. Ortada 4 oyunu axsamamız, daha sonra sonuncu turda “Sumqayıt” üzərindəki qələbəmizi nəzərə almaqla mövsümü kafi, orta keçirdik, deyə bilərəm.
- Növbəti mövsümdən etibarən komanda doğma stadionda azarkeşlərini qəbul edəcək. Sizcə, bu amil yenidən “Kəpəz”ə əvvəlki ruhunu qaytarmaqda və komandanı ilk pillələlərdə qərarlaşdırmaqda yardımçı olacaq?
- Doğma meydanda azarkeşlər önündə çıxış etmək hər bir komandaya motivasiya verir. Düşünürəm ki, bu amil komandanın xallar yığmasında, yaxşı yerlər tutmaq uğrunda mübarizədə çox köməklik edəcək. Çünki əsl “Kəpəz” azarkeşləri həmin meydançada bilinəcək.
- Növbəti mövsümdə avrokubok şanslarını necə qiymətləndirirsiniz?
- İndidən avrokubok haqqında danışmaq tezdir və doğru olmaz. Əsas məsələ komandanı yaxşı komplektləşdirmək və ondan sonra tutduğun yola, planladığın istiqamətə yönəlmək lazımdır.
- Bəs bu yolda mövsüm sonunda hansı futbolçularla yollar ayrıla bilər?
- Komandada müqaviləsi olan futbolçular var. Bəzi futbolçuları komandaya cəlb etmək istədik, amma alınmadı. Bəzi futbolçularımızın isə mövsümün sonunda müqaviləsi bitir. Onlar haqqında son oyunlarda yaxşı fikirlər formalaşıb. Xüsusilə yerli futbolçular haqqında yaxşı fikirlər var. Hər şeyi zamanı göstərəcək. Buna görə də geri qalan 3 oyunu yaxşı səviyyədə keçirmək lazımdır.
- Bu mövsüm hakim qərarlarına görə Premyer Liqa klubları tərəfindən çox sayda narazılıq olub. Bəs siz hakimlərin idarəçiliyi haqqında nə demək istərdiniz?
- Hakimlər haqqında danışmaq, kimisə müzakirə etmək həmişə çox asandır. Çalışmaq lazımdır ki, hakimlər, məşçilər Azərbaycan futboluna yaxşı mənada öz töhfəsini versin. Hakimlər də insandır. Çoxu bizim içimizdən çıxan şəxslərdir. İnanıram ki, zaman-zaman səhvlərdən nəticə çıxarılacaq, yaxşılığa doğru böyük addımlar atılacaq.
- Qapıçı Yusif İmanovun milliyə dəvət almaması azarkeşlər tərəfindən çox tənqid edilmişdi. Sizcə bunun səbəbi nə idi?
- Yusifin necə oyun oynaması ikinci məsələdir. Önəmli olan milli komandanın baş məşqçisi Ayxan müəllimin düşünücələridir, oyun fəlsəfəsidir, oyuna baxışıdır. Son dönəmlər hamı Ayxan müəllimin etdiklərini yaxşı qiymətləndirir. Milli komandaya gəldikdən sonra yaxşı mənada ab-havanı dəyişdirib. Zaman gələcək, Yusif milli komandaya çağırılacaq. Bunun üçün isə çox çalışmalıdır.
Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta