İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə artan gərginlik fonunda Pekində çinli həmkarı Vanq Yi ilə danışıqlar aparır.
Redaktor.az xəbər verir ki, Əraqçinin çərşənbə günü baş tutan bir günlük səfəri ABŞ Prezidenti Donald Trampın 14-15 may tarixlərində Çin lideri Si Cinpinlə planlaşdırılan zirvə görüşündən bir həftə əvvələ təsadüf edir.
Çinin rəsmi "Xinhua" xəbər agentliyi görüşün başladığını təsdiqləsə də, əlavə detallar açıqlamayıb.
Məlumata görə, bu səfər fevralın 28-də başlanan ABŞ-İsrail müharibəsindən sonra Tehranın yaxın müttəfiqi olan Çinə ilk yüksək səviyyəli səfəridir. Bildirilir ki, Əraqçi müharibədən sonra Vanq Yi ilə ən azı üç dəfə telefon danışığı aparıb.
ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl Vaşinqtonun Pekindən Hörmüz boğazı ilə bağlı Tehrana təsir göstərməsini gözlədiyini bildirib.
Qeyd edək ki, müharibənin başlanmasından sonra İran əsas enerji daşımalarının həyata keçirildiyi Hörmüz boğazını faktiki olaraq bağlayıb. Bu addım qlobal bazarlarda yanacaq və gübrə qiymətlərinin kəskin artmasına, həmçinin dünya iqtisadiyyatında ciddi dalğalanmalara səbəb olub.
Aprel ayında əldə olunan atəşkəsdən sonra ABŞ İran limanlarına qarşı blokada tətbiq edərək Tehrana təzyiqləri artırıb.
Əl-Cəzirənin Pekindən reportaj verən müxbiri Katrina Yu bildirib ki, Əraqçi ilə Vanq Yi arasında keçirilən görüşdə iki əsas məsələ – atəşkəsin qorunması və Hörmüz boğazının yenidən açılması prioritet təşkil edir.
Müxbirin sözlərinə görə, Çin ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasını təhlükəli hesab edərək tənqid etsə də, eyni zamanda Tehranın boğazı bağlı saxlamaq qərarına da getdikcə daha sərt yanaşır.
Aminə ŞAHSUVARQIZI