AZ

AŞPA-nın satın alınmış deputatları

Bəzi beynəlxalq təşkilatlar özlərini ona üzv olan dövlətlərin ağası kimi aparmağa cəhd edir. Ölkələrin daxili işlərinə qarışır, özbaşına hökmlər verir, özünün gülünc tələblərini və fikirlərini qəbul etdirməyə çalışır. Halbuki qanunun aliliyindən danışan bu təşkilatlar özlərini ibtidai icma quruluşundakı qaydalardan aşağı səviyyədə aparır. Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) almaniyalı deputatı Frank Şvabe və onun kimiləri vicdanlarını Ermənistan dramına və İrəvan konyakına dəyişərək Azərbaycana qarşı qərəzli mövqedə durublar. Biz Frank Şvabenin və onun züytutanlarının dəfələrlə ölkəmizə qarşı şər və böhtan atdığının şahidi olmuşuq. Təəssüf ki, hələ də səhvlərini etiraf etmir, satın alınmış deputat statusunda qalmaqdadırlar. Onlar hələ şər-şəməta azadlığına demokratiya deyir və belə nadan fikirlərindən əl çəkmirlər. Daha düşünmürlər ki, həyatın girdabında qalıb iylənirlər. Nə olar, qalsınlar. Yel qayadan nə aparar ki?

Qeyd etməliyik ki,  Prezident İlham Əliyev Avropa Parlamentini tənqid edib. İrəvanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı Prezident bildirib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə Avropa Komissiyası kimi eyni yanaşmanı nümayiş etdirmir. Prezidentin sözlərinə görə, belə institutlardan biri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasıdır.

Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq edilməyib: “Yeri gəlmişkən, mən özüm o zaman Azərbaycan nümayəndə heyətinin rəhbəri və parlamentin deputatı kimi AŞPA-nın fəal üzvlərindən biri idim. 2024-cü ilin yanvarına qədər Avropa Şurasında nümayəndə heyətimizə qarşı heç vaxt məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul edilmiş və 30 il ərzində kağız üzərində qalmış dörd qətnaməsini müstəqil şəkildə həyata keçirdik. Lakin bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi”.

Bu və digər faktlar göstərir ki, AŞPA Azərbaycana qarşı birtərəfli, qərəzli münasibətini həmişə açıq şəkildə nümayiş etdirib. Torpaqlarımız işğal altında iyirmi səkkiz il qalanda işğalçıya “dur” deməyib, törətdiyi vandalizmi pisləməyib. Cinayətkar Ermənistan quldur dəstələri minlərlə vətəndaşımızı ağır işgəncələrlə öldürəndə, müqəddəs dini abidələrimizi dağıdanda, qəbiristanlıqlarımızı yer üzündən siləndə həmin bu “demokratiya bülbülləri” səslərini belə çıxarmadılar. Ordumuz Qarabağı işğaldan azad edəndə bizə təzyiq göstərib, dil uzadıblar.

Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Lakin bu təşkilat bir qrupun əlində oyuncağa çevrilib. Həmin qrupun təsiri ilə artıq ikili deyil, bir standartlı xətt götürüb ki, bu da Azərbaycanın əleyhinə yeritdiyi mürtəce xətdir. Məsuliyyət hissini tamamilə itirmiş bir çox deputatlar bir ölkənin başqa dövlətin ərazisini işğal etməsini qulaqardına vurur, hətta təcavüzkara qahmar da çıxır. Belə ədalətsiz qurumda kim qalar ki?

Əgər münasibətlər belə davam edərsə Azərbaycan Avropa Şurasının üzvlüyündən də çıxa bilərmi? Bu suala bir cümlə ilə cavab vermək olmaz. Ancaq bizim “qırmızı xəttimizdən” o tərəfdə atılan addımların Azərbaycana heç bir ciddi təsiri olmayacaq. Məgər AŞPA yox idi səhər açılmırdı?  Artıq neçə ildir AŞPA-dan uzaq durmaqla biz hər hansı problemimizi daha rahat həll etdiyimizi gördük. Bundan da əlavə qulağımız dinc, başımız sakit oldu.

Biz Avropa məkanında varıq. AŞPA-da bizi görmək istəməyənə qədər biz formal olaraq Avropa məkanında qalacağıq. Biz bu quruma qayıda bilərik, amma bir şərtlə ki, Azərbaycana qarşı qarayaxma kampaniyalarından əl çəksinlər, ölkəmizin daxili işlərinə müdaxilə etməsinlər. Yox, bədxahlıqlarından əgər əl çəkməyib bizdən uzaqlaşmaq istəyirlərsə, bu da onların öz işidir. Azərbaycan etiraz etmir, kiməsə minnət etmək fikrində deyil. Sadəcə olaraq biz qıcıqlandırıcı hərəkətlərlə və bəyanatlarla onlara bəhanə verməməliyik. Səbrlə gözləməliyik ki, axmaq siyasət apardıqlarını, üzv dövlətlərdən təpki görəcəklərini başa düşsünlər.

Vəli İlyasov, “İki sahil”

Seçilən
57
23
ikisahil.az

10Mənbələr