Məlum olduğu kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qatılan prezident İlham Əliyev tədbirdə çıxış edib. Burada dövlət başçısının toxunduğu məsələlərdən biri də Avropa təsisatları ilə bağlı olub.
Öncə Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən prezident İlham Əliyev daha sonra qeyd edib: “Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA)...Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır… İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir… Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdiyinə, Ermənistanın işğalına son qoyduğuna görə bu iki qurum tərəfindən heç bir reallığa və obyektivliyə sığmayan siyasətlə üzləşib. Bu siyasət nəinki qərəzlidir, hətta açıq düşmənçilik, ayrıseçkilik, beynəlxalq hüquqa, eləcə də bu qurumların nizamnamələrinin tələblərinə tam ziddir. Azərbaycan, bütün bu təxribatlara baxmayaraq, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcək.
Baş verənlər Ermənistanda da diqqətlə izlənilir. Azərbaycan üzrə ekspert erməni Angela Elibekova bildirir ki, Azərbaycan bir sıra Avropa ölkələri ilə ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirməyə davam edir: “Əliyev İtaliya və Macarıstan da daxil olmaqla ayrı-ayrı ölkələrlə iqtisadi əməkdaşlığı kifayət qədər effektiv şəkildə qurmağa davam edir”. O xatırladıb ki, Ursula fon der Leyen müharibədən sonrakı dövrdə Bakıya səfəri zamanı İlham Əliyevi tərifləyərək, Azərbaycanı Avropa üçün alternativ qaz mənbəyinə çevirmək ehtimalını qeyd edib. Ekspertin sözlərinə görə, Avropa qurumlarının Bakıya təsir göstərmək üçün effektiv mexanizmləri yoxdur: “Əksinə, Avropa ölkələri Azərbaycanla iqtisadi əlaqələrini davam etdirir. Bəli, bu cür addımlar qısamüddətli təsir göstərə bilər, lakin uzunmüddətli perspektivdə Azərbaycanla Avropa ölkələri arasında iqtisadi münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək”.
Qeyd edək ki, İlham Əliyevin çıxışından sonra Avropa Parlamentinin prezidenti Roberta Metsola onun açıqlamalarına münasibət bildirmək üçün söz aldı. O vurğuladı ki, Avropa Parlamentinin qətnamələri səs çoxluğu ilə qəbul edilir. Lakin Elibekovanın sözlərinə görə, belə bir reaksiyanın heç bir praktik nəticəsi olmayacaq: “Bu cür qətnamələr kağız üzərində qalır və real tətbiqi yoxdur. Bu, Azərbaycana bu cür formatlarda iştirak etməyə və Avropa liderlərinə qarşı kifayət qədər sərt bəyanatlar verməyə imkan verir”.
Samirə SƏFƏROVA