“Cənubi Qafqazda baş verən son proseslər artıq illərlə pərdə arxasında müzakirə olunan həqiqətlərin açıq siyasi müzakirə predmetinə çevrildiyini açıq şəkildə göstərir. Bu, diplomatik ritorikanın dəyişməsi ilə yanaşı, həm də geosiyasi maskaların düşməsidir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin üzvü Elnarə Akimova deyib.

Onun sözlərinə görə, Ermənistanın vaxtı ilə proksi rolunda çıxış etməsi ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun səsləndirdiyi fikirlər ilk baxışdan yeni təsir bağışlasa da, əslində bu, gecikmiş etirafdır: “Çünki Azərbaycan Prezidenti İlham Əliyev uzun illərdir eyni məzmunlu tezisləri ardıcıl və sistemli şəkildə beynəlxalq auditoriyaya çatdırırdı”.
Deputat qeyd edib ki, ölkə başçısının çıxışlarında Ermənistanın müstəqil qərarvermə imkanlarının məhdudluğu, xarici güclərin təsiri altında hərəkət etməsi konkret faktlarla əsaslandırılırdı: “O zaman bu fikirlər bəzən siyasi polemika kimi qiymətləndirilirdi. Bu gün isə həmin yanaşmanın reallığı təsdiqlənir. Məsələnin diqqətçəkən tərəfi ondadır ki, bu etiraflar artıq təkcə Bakının mövqeyi kimi deyil, Qərb siyasi dairələrinin dilindən də səslənir. Bu, geosiyasi balansın dəyişdiyini və əvvəlki yanaşmaların artıq davamlı olmadığını göstərir.
Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən mayın 4-də edilən çıxış da bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Onun Praqa platforması ilə bağlı dedikləri təsadüfi deyil. Praqa görüşü əslində regionda yeni siyasi mərhələnin başlanğıcıdır. Bu mərhələdə Ermənistan ilk dəfə olaraq əvvəlki sərt və asılı xətdən qismən uzaqlaşmağa cəhd göstərir. Lakin bu cəhdlərin nə dərəcədə səmimi və davamlı olacağı hələ açıq sualdır”.
Parlament üzvü bir məsələni də xüsusi olaraq qabartdı: “Tarix göstərir ki, Ermənistanın siyasi davranışı çox zaman daxili iradədən çox xarici təsirlərlə formalaşıb. Bu reallıq bir gündə dəyişmir. Paşinyanın bəyanatları müəyyən transformasiya niyyətini göstərsə də, struktur asılılıqlarının aradan qalxması daha mürəkkəb və uzunmüddətli prosesdir.
Burada əsas məqam ondan ibarətdir ki, İlham Əliyevin illərlə səsləndirdiyi tezislər artıq təkcə milli mövqe deyil, beynəlxalq səviyyədə qəbul edilən analizə çevrilir. Bu isə siyasi ardıcıllığın və strateji baxışın nəticəsidir. Reallıq gec-tez öz sözünü deyir və bu gün həmin reallıq daha aydın görünür. Ona görə də regionda formalaşan yeni geosiyasi mənzərə bir şeyi qəti şəkildə ortaya qoyur. Artıq ritorika ilə reallıq arasındakı məsafə daralır. Maskalar düşdükcə isə illərlə deyilən, lakin qəbul olunmayan həqiqətlər öz yerini tapır. Bu isə, təkcə siyasi proses deyil, həm də tarixi ədalətin gecikmiş, amma qaçılmaz təzahürüdür”.
Cavanşir ABBASLI,
Musavat.com