AZ

Bakı-İrəvan sülhünə mane olanlar var - Avropa sammitində bəyan olundu...



Elşad Həsənov: “Bəzi Avropa ölkələri və Rusiya iki ölkə arasında sülhün əldə olunmasında maraqlı deyil”

Müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Ermənistan sülh gündəliyinə sadiq qalır. Bunu Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

“Avropa Siyasi Birliyi" sammitinin Ermənistanda keçirilməsi münasibətilə Baş nazir Nikol Paşinyanı təbrik etmək istərdim” - o qeyd edib. Prezidentin sözlərinə görə, Azərbaycan bu prosesə mane olmaq istəyənlərin bütün səylərinə baxmayaraq, sülh prosesinə sadiq qalır: “Erməni həmkarımın bəyanatları bunu aydın şəkildə təsdiqləyir”.

Prezident “müəyyən qüvvələrin sülh prosesinə mane olmaq üçün bütün cəhdləri” deyərkən söhbət hansı qüvvələrdən gedir?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanandan sonra iki ölkə sözün həqiqi mənasında sülh şəraitində yaşayır: “Sərhəddə atışma, toqquşma, təxribat yoxdur. Artıq iki ölkə sülh şəraitində yaşamağa öyrəşir. Ancaq buna baxmayaraq, bəzi ölkələr, o cümlədən müəyyən Avropa dövlətləri tərəflər arasında konflikt yaratmaq istəyirlər. İstəmirlər ki, proses irəliləsin. Bu günlərdə Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamə bunun tərkib hissəsidir. Hesab edirəm ki, bu qətnamənin arxasında dayana ölkə əsasən Fransadır. Çünki Fransanın Avroparlamentdə təsir imkanları böyükdür. Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində məsələlərin demək olar ki, böyük hissəsi razılaşdırılıb. Separatçı quruma rəhbərlik edən, bir sıra qanlı cinayətlərin baiskarı olan şəxslərin cəza almadan azadlığa çıxmasını tələb edirlər. Ancaq həmin Avropa Parlamenti Apxaziya, Dnestryanı separatçılara münasibətdə daha sərt mövqedən çıxış edirlər. Beynəlxalq hüquqdan danışırlar. Necə olur ki, erməni separatizminə münasibətdə beynəlxalq hüquq yada düşmür? Bütün bunlar yenidən qarşıdurma və gərginlik yaratmaq məqsədi güdür. Digər bir tərəfdən, Rusiya da tərəflər arasında dayanıqlı sülhün əldə edilməsini istəmir. O üzdən, Moskva iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinə çox güclü hazırlaşır və bütün resurslarını səfərbər etməyə çalışır. Açıq şəkildə Paşinyanı və komandasını hədəf alırlar. Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda ittiham edirlər. Rusiya hələ də Qarabağ kimi təsir rıçağının əldən çıxmasını qəbul edə bilmir. Çünki Qarabağ konfliktindən Rusiya illərdir istifadə edirdi. Bunun vasitəsi ilə həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərirdilər. “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısının İrəvanda keçirilməsi onu göstərir ki, Ermənistan öz seçimini Avropaya doğru edib. Strateji məqsəd Ermənistanı Avropa İttifaqı ilə daha da yaxınlaşdırmaqdır. Rusiya buna mane olmaq üçün istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi səmərəli olmasın, pozulsun. Hesab edirəm ki, Moskva buna nail ola bilməyəcək”.

Vidadi ORDAHALLI

Seçilən
12
41
baki-xeber.com

10Mənbələr