Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə 2022-ci ildə Nərimanov rayonunda iki nəfərin qətli ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərə hökm elan edilib.
Musavat.com xəbər verir ki, məhkəmənin hökmünə əsasən, Nurani Məmmədov 17 il, Tural Məmmədov 15 il, Ramin Quliyev 5 il azadlıqdan məhrum edilib.
Yunis Rəhimov və Sərxan Şahbazov isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar.
Məhkəmə prosesində bəzi ittihamlar üzrə də dəyişikliklər baş verib. Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.7-ci maddələri ümumi ittihamdan xaric edilib. Ramin Quliyevə münasibətdə isə CM-in 32.4, 120.2.2 və 32.4, 120.2.7-ci maddələri üzrə bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, dövlət ittihamçısı əvvəlki iclasda çıxış edərək daha ağır cəzalar tələb etmişdi. Prokuror Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbsini, Nurani Məmmədovun ömürlük, Ramin və Tural Məmmədovların hər birinin 20 il, Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini təklif etmişdi. İttihama görə, hadisə 2022-ci il fevralın 18-də gecə saatlarında Nərimanov rayonu ərazisində baş verib. Təbriz küçəsində iki qrup arasında – Şahin Bayramov və Fərid Əlirzayev bir tərəfdən, qarşı tərəfdə isə Nurani Məmmədov və digərləri arasında baş verən münaqişə zamanı kəsici-deşici alətlərdən istifadə olunub. Nəticədə Şahin Bayramov və Fərid Əlirzayev aldıqları bıçaq xəsarətləri nəticəsində həyatlarını itiriblər.
İstintaq araşdırmaları nəticəsində hadisədə iştirak etdikləri müəyyən edilən Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov, Sərxan Şahbazov və Yunis Rəhimov cinayət məsuliyyətinə cəlb olunublar. Onlara CM-in 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.
E.Məmmədəliyev,
Musavat.com