Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Rəqəmsal gələcək” şüarı ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. 2300 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 881 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilib.
Redaktor.az xəbər verir ki, 7 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək.
Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının əsas məqsədi tələbə və yeni məzunlara praktiki təcrübə qazandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq və peşəkar kompetensiyalarını gücləndirməkdir. Proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.