Bakı, 5 may, AZƏRTAC
Son dövrlərdə Avropa siyasi institutlarının Cənubi Qafqaza münasibəti daha çox müzakirə mövzusuna çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxış bu müzakirələrə yeni impuls verib. Həmin çıxışda səsləndirilən tezislər regionda formalaşmış yeni geosiyasi reallıqların beynəlxalq platformalarda adekvat qiymətləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Müşahidələr göstərir ki, Avropa Parlamenti və AŞPA kimi qurumların regionla bağlı yanaşmaları bəzən normativ hüquqi prinsiplərdən daha çox siyasi konfiqurasiyalar əsasında formalaşır. Bu isə beynəlxalq münasibətlər sistemində obyektivlik və balans prinsiplərinin pozulması ilə nəticələnir. Halbuki, beynəlxalq hüququn fundamental prinsipləri dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə selektiv şəkildə deyil, universal qaydada tətbiq olunmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyini sədri Tural Nurməmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və regionda yeni status-kvonun yaranmasıdır. Bu reallıq artıq beynəlxalq hüquqi çərçivədə formalaşmış fakt kimi qəbul edilməlidir. Lakin bəzi Avropa institutlarının bu prosesi ya görməzlikdən gəlməsi, ya da qeyri-obyektiv şərhlərlə təqdim etməsi onların siyasi etibarlılığına mənfi təsir göstərir.
“Digər tərəfdən, Avropa Parlamenti və AŞPA-nın qəbul etdiyi bəzi qətnamə və hesabatlarda müşahidə olunan birtərəfli yanaşmalar regionda davamlı sülh prosesinə töhfə vermək əvəzinə, əksinə, etimadsızlıq mühitini dərinləşdirir. Müasir beynəlxalq münasibətlərə dair nəzəriyyələr göstərir ki, vasitəçilik və ya qiymətləndirmə funksiyasını yerinə yetirən institutlar neytral mövqe nümayiş etdirmədikdə, onların təsir imkanları zəifləyir.
Enerji təhlükəsizliyi kontekstində isə Azərbaycan Avropa üçün mühüm strateji tərəfdaş kimi çıxış edir. Bu reallıq fonunda siyasi ritorika ilə iqtisadi maraqlar arasında ziddiyyətin yaranması Avropa siyasətinin daxili uyğunsuzluqlarını ortaya qoyur. Bu baxımdan, daha rasional və praqmatik yanaşmanın formalaşdırılması zəruridir”, - deyə Tural Nurməmmədov qeyd edib.
QHT sədri hesab edir ki, Avropa Parlamentinin və AŞPA-nın Cənubi Qafqaz siyasətində daha obyektiv, balanslı və beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləməsi vacibdir. Əks halda, bu qurumların regiondakı nüfuzu və təsir imkanları tədricən zəifləyə bilər. Mövcud geosiyasi reallıqların düzgün qiymətləndirilməsi isə yalnız prinsipial və selektivlikdən uzaq yanaşma ilə mümkündür.
Müxbir - Günel Türksoy