AZ

Bakı–Roma əməkdaşlığı daha da dərinləşir: Strateji tərəfdaşlıq güclənir

Son illərdə Azərbaycanın xarici siyasətində Avropa məkanı ilə əlaqələrin şaxələndirilməsi xüsusi diqqət mərkəzindədir. Bu proses təkcə diplomatik xəttlə məhdudlaşmayaraq, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə müşayiət olunur. Eyni zamanda, ikitərəfli formatların gücləndirilməsi beynəlxalq əməkdaşlığın daha effektiv təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, son diplomatik aktivliklər də əlaqələrin inkişaf dinamikasını aydın şəkildə nümayiş etdirir.

Maraqlıdır, Azərbaycan ilə İtaliya arasında enerji, iqtisadi və humanitar sahələrdə müşahidə olunan əməkdaşlıq dinamikasını və Ciorcia Meloninin Bakı səfərinin ümumi siyasi kontekstini nəzərə alsaq, bu tərəfdaşlığın Avropa İttifaqı ilə münasibətlərin inkişafına mümkün təsirləri necə qiymətləndirilə bilər və bu proses regionda əməkdaşlıq və qarşılıqlı maraqların uzlaşdırılması baxımından hansı yeni imkanlar yarada bilər?

Mövzu ilə bağlı Moderator.az-a DİA-nın siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, politoloq Zaur Məmmədov açıqlama verib.


Zaur Məmmədov bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti, AŞPA və digər beynəlxalq qurumların istəklərindən asılı olmayaraq, Azərbaycanla Avropanın ayrı-ayrı ölkələri arasında ikitərəfli münasibətlər inkişaf etməkdədir və bu gün artıq əvvəlki illərlə müqayisədə bir çox Avropa ölkəsinin Azərbaycanın strateji tərəfdaşına çevrildiyinin şahidi oluruq:

"Bu dövlətlər sırasında xüsusilə İtaliya dayanır. İtaliya Azərbaycanın ticarət dövriyyəsində və ixracında birinci yerdə olan ölkələrdən biridir. Eyni zamanda Avropada Azərbaycan TAP vasitəsilə İtaliyaya çıxır. Bu isə əlbəttə ki, həm iqtisadi, həm də siyasi-strateji baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Məlumdur ki, rəsmi Roma Avropa İttifaqının vacib və əsas dövlətlərindən biridir. O cümlədən İtaliyanın beynəlxalq çəkisi, Avropadakı mövqeyi də hər kəsə yaxşı bəllidir. Belə olan təqdirdə, xüsusilə Mərkəzi və Qərbi Avropa ölkələri içərisində ayrı-ayrı dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün aktual xarakter daşıyır və çox yaxşı haldır ki, bu dövlətlər sırasında ilk yerlərdən birini İtaliya tutur.

İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakı səfəri, səfər çərçivəsində ölkə başçısı ilə görüşü və ikitərəfli münasibətlərin inkişafına dair səslənən bəyanatlar bir daha göstərdi ki, tərəflər bundan sonra da əməkdaşlığı davam etdirəcək və iki ölkə arasında daha çox layihələr həyata keçiriləcəkdir.

Təbii ki, burada yalnız enerji, yəni təbii qaz məsələsini qeyd etmək olmaz. Eyni zamanda iqtisadiyyatın ayrı-ayrı sahələrində də əməkdaşlığın genişləndiyini müşahidə edirik. Xüsusilə sənaye və digər istiqamətlərdə əlaqələr inkişaf edir.
Ümumilikdə Azərbaycan–İtaliya arasında bir çox sahələrdə münasibətlər inkişaf edir və çox yaxşı əməkdaşlıq qurulubdur. Meloninin səfəri də məhz bu əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir".

Pərvin Şakirqızı

 

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Seçilən
26
32
moderator.az

10Mənbələr