AZ

“3 il Azərbaycanda oynadım, korluq çəkmədim” – MÜSAHİBƏ

Vaxtilə “Kəpəz”in formasını geyinən və komandanın aparıcı simalarından sayılan Yeqor Xvalko legioner həyatını Qazaxıstanda davam etdirir.

28 yaşlı belaruslu mərkəz müdafiəçi Azərbaycanı tərk edəndən sonra “Tobol”la anlaşdı ki, burada ölkə kubokunun qalibi, Premyer Liqanın bürünc medal mükafatçısı oldu.

Lakin bu ilin fevralından vaxtilə həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nun uğurları üçün tər tökür.

Xvalko ölkəmizdə oynadığı dönəmdə gəncəli azarkeşlərlə və jurnalistlərlə səmimi münasibəti ilə seçilib. Buranı tərk edəndən sonra dəyişməyib, həminki adamdır.

Yeqora zəng edib, Sportinfo.az-a müsahibə verməsini xahiş edəndə Azərbaycan futbolunu bu qədər yaxından izlədiyini təsəvvür etmirdim.

Məqsədim əsasən Azərbaycan və Qazaxıstan futbolu arasındakı fərqləri müəyyən etmək, futbolumuzun kənardan necə göründüyünü öyrənmək idi.

Etiraf edim ki, müsahibə gözlədiyimdən daha səmimi və keyfiyyətli alındı.

- Qazaxıstanda işlərin necə gedir?

- Hər şey yaxşı idi. Zədə aldığıma görə son 2 oyunda meydana çıxa bilmədim. Növbəti matçda da iştirak edə bilməyəcəyəm. Son oyunlarda məğlub olmağımız əhvalımızı korlayıb. Ümumilikdə pis deyil.

- Statistikaya baxdım, əsas heyət üzvüsən.

- Zədəyə qədər bütün görüşlərdə meydanda olmuşam.

- Uzun illər yaşadığın Azərbaycandan sonra Qazaxıstanda özünü necə hiss edirsən?

- Hazırda Qazaxıstanda yox, Türkistanda məskunlaşmışıq. Şəhər çox xoşuma gəlir. Rahatlıq və inkişaf var. Əslində bura “Atırau”nun yox, “Turan”ın bazasıdır, burada məskunlaşmışıq. Böyük bazadır, çox sayda süni və təbii meydanlar var. İlk dönəmlərdə bazada qalırdım, indi kirayə ev götürmüşəm, orada qalıram.

- Atırauda yaşamağınıza nə mane olur?

- Federasiya stadiona lisenziya vermədi. Təfərrüatı tam bilmirəm, eşitdiyimə görə, süni örtüklü meydanı dəyişirlər. Müvəqqəti burada məskunlaşmışıq. O vaxt Gəncədə necəydi, təmirə görə Tovuzda oynayırdıq.

- Komandanın qarşısına hansı hədəf qoyulub?

- Konkret hədəf yoxdur. Əlbəttə, biz futbolçular ən yüksək yerləri arzulayırıq. Lakin rəhbərlik olaraq bizə konkret olaraq “bunu etməlisiniz” deyilməyib. Bacardığımızı edəcəyik ki, finişdə ən azından ortababların arasında yer alaq.

- “Kəpəz”dən ayrılandan sonra “Tobol”la anlaşmışdın. Əsas heyətdə yer alırdın, hətta 2 qol vurmuşdun. Ötən mövsüm ölkə kubokunu qazanıb, mövsümü 3-cü pillədə başa vurdunuz. Lakin yeni mövsümdə “Atırau”ya keçdin. (Qazaxıstan çempionatı yaz-payız sistemində keçirilir – H.). Nə baş verdi?

- “Tobol”la çempionatın gedişində anlaşmışdım və 3 aylıq, yəni mövsümün sonuna qədər müqavilə bağlamışdım. O dönəmdə “Tobol”un mərkəz müdafiəçiləri zədələndiyi üçün məni təcili dəvət etmişdilər. Çünki “transfer pəncərəsi”nin bağlanmasına saatlar qalmışdı. Oynadım, komandaya fayda verməyə çalışdım, yekunda dediyiniz kimi, kubokun sahibi olduq. Müqaviləm başa çatandan sonra yollarımız ayrıldı.

- Özün istədin, yoxsa..?

- Agentimin mənə dediyinə görə, rəhbərlik qalmağımda maraqlı imiş. Bəlkə də baş məşqçi xidmətimdə maraqlı olmayıb. Müqaviləm başa çatandan sonra klubdan mənimlə əlaqə saxlayan olmadı. Həmin vaxt “Atırau”dan zəng gəldi. Baş məşqçi belaruslu Vitali Jukovski idi. Danışdıq, razılaşdıq və 1 illik anlaşmaya imza atdım.

- “Tobol”dan ayrılandan sonra “Kəpəz”dən zəng edən olmadı? Hər halda baş məşqçi səni yaxından tanıyan Azər Bağırov idi və klub qış fasiləsində mərkəz müdafiəçisi axtarırdı.

- Mənimlə heç kim əlaqə saxlamadı. Nəinki “Kəpəz”dən, ümumiyyətlə, Azərbaycandan maraq görmədim.

- Qazaxıstanda futbolçuların maaş durumu necədir? Azərbaycandakı ilə təxminən eynidir, yoxsa fərq böyükdür?

- Burada yaxşı pullar var, sadəcə sabitlik yoxdur. 3 il Azərbaycanda oynadım, bu baxımdan korluq çəkmədim. Hətta “Kəpəz”də gecikmə olanda belə, bu, 1-2 həftəni ötmürdü. Xüsusən ilk ilimdə - 2022/23 mövsümündə gecikmələr olurdu. Sonrakı illərdə sabitlik idi, maaşlar vaxtında köçürülürdü. Rəhbərliyə “məvaciblər nə vaxt olacaq?” sualını verdiyimi xatırlamıram. Həm də Qazaxıstanda vəziyyət fərqlidir.

- Azərbaycanlı və qazaxıstanlı futbolçuları müqayisə etsək, ortaya ciddi fərq çıxar?

- Aşağı-yuxarı eyni səviyyədir. Azərbaycandakı kimi, burada da yerli uşaqlar texniki bacarıqlarına görə fərqlənir. Azərbaycanda necədir? Üzdə olanlar, yəni milli üzvləri “Qarabağ”, “Sabah”, “Neftçi” kimi klublarda cəmlənib. Burada da “Kayrat”, “Tobol”, “Astana”da istedadlı yerlilərin sayı çoxdur. Arada böyük fərqin olduğunu deməzdim.

- Çempionatları müqayisə etsək necə?

- Hə, bu məsələdə müəyyən fərqlər var.

- Nə kimi?

- (davamı olacaq)

HƏBİB

Seçilən
9
50
sportinfo.az

10Mənbələr