AZ

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün yekun vurulacaq.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində sonuncu mükafatçılar bəlli olacaq.

Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.

Həmçinin Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.

Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Seçilən
16
27
missiya.az

10Mənbələr