AZ

Dambrauskas: “Səviyyəmizdən aşağı çıxış etdik” – ARENA.AZ

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 29-cu turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox çətin, ağır oyun alındı. Bu da gözlənilən idi. Çünki “Qarabağ”a qarşı iki vacib oyun keçirmişdik. Həmin matçlarda çox enerji itirmişdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə istədiyimizdən zəif oynadıq. İkinci yarıda daha çox qol fürsətimiz oldu. Fasilədən sonra oyuna enerji ilə daxil olduq. Qələbəni daha çox istəyən tərəf biz idik. Hər iki komanda 10 nəfərlə qalanda daha çox top saxlamağa çalışdı. Rəqibin risk edəcəyini gözləyirdim. Amma riskə getmədilər. Yenə 5-4 sisteminə sadiq qaldılar, hücumçusuz çıxış etdilər. Azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı. Hər oyunu eyni şəkildə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq. Yolumuza davam edirik. Qısa müddətdə bərpa olub “Şamaxı” ilə oyuna köklənməliyik.

Komandada rəqabət var. Çox yaxşı komandayıq. Hücumda güclü oyunçulara sahibik. Qələbə qazanırsansa, hücumçunu dəyişmək çətindir. Amma onu deyə bilərəm ki, Xəyal Əliyev bu mövsüm bizə çox fayda verib. Mikelsin yoxluğunda o çox yaxşı çıxış etdi. Çalışmağa davam etməlidir. öz üzərində daha çox işləməlidir ki, komandada əsas hücumçuya çevrilsin. Amma bu da asan deyil. Komandada çox yaxşı hücumçular var. Xəyalı başa düşürəm. Onun davranışı, yanaşması, döyüşkənlik ruhu çox xoşuma gəlir. Bəzən bizə başla yaxşı oynayan hücumçu lazım olur. O zaman lazım olan oyunçudan istifadə edirik. Bu, mənim qərarımdır və qərarımın arxasındayam. İnanıram ki, öz üzərində çalışmağa davam etsə, həmişə oynamaq imkanı əldə edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
50
arena.az

10Mənbələr