AZ

Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar



Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadər edir. Ukrayna Respublikası da o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir.

Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb.

Hələ o zaman ölkə liderləri arasında müxtəlif platformalarda ikitərəfli təmasların baş tutmasına baxmayaraq, Azərbaycan Prezidenti, Ümummilli Lider Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri 24-25 mart 1997-ci il tarixlərində baş tutmuşdu.
Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması iki ölkə arasında münasibətlərin formalaşması və inkişafına əməli töhfə olub. Eyni zamanda dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanla Ukraynanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda dəyişən qlobal siyasi arxitektura fonunda yeni əməkdaşlıq imkanlarının təməlini qoyur.
Səfər çərçivəsində Ukrayna Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin yüksək münasibətlərini bir daha təsdiqləmiş oldu. Mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.”

Bu əlaqələr hər iki dövlət başçısı vurğuladığı kimi, bu günə qədər formalaşmış qarşlıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirmək, Cənubi Qafqaz regionunda söz sahibinə çevrilmiş, lokomotiv qüvvə hesab olunan Azərbaycanla daha dərindən iqtisadi-ticari münasibətləri inkişaf etdirməyi hədəfləyir.
Qeyd edim ki, dörd ildən artıq müddətdə şiddətli müharibə şəraitinda yaşayan Ukrayna xalqına dəstək olmaq məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə dost ölkəyə humanitar yardımlar göndərilib, eləcə də Ukraynada geniş fəaliyyət göstərən SOCAR vasitəsilə, xüsusilə qış fəslində, enerji sahəsində köməklik göstərilib. Eyni zamanda, Azərbaycan hökuməti tərəfindən Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri bu gün də uğurla davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vacib rol oynayır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.

Parlamentlərarası dostluq qrupu platformalarıda iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. 16 yanvar 2020-ci ildə isə Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu yaradılmışdır.

Keçən müddət ərzində istər təşkil olunan milli bayramlar, bir sıra sosial layihələr, istərsə də qarşılıqlı səfərlər çərçivəsində mənim də üzvü olduğum Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəallıq nümayiş etdirərək iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz təhfəsini verib.
Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən görüşlər bu gün hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı,
Azərbaycan–Ukrayna
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü
Seçilən
2
4
newscenter.az

10Mənbələr