AZ

Azərbaycan–Ukrayna dostluğu möhkəmlənir

Azərbaycan ilə Ukrayna arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq, siyasi dialoq və iqtisadi əlaqələrin genişlənməsi bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.

2026-cı il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu göstərdi. Bu bəyanat yalnız diplomatik protokol xarakteri daşımır, həm də regional və beynəlxalq geosiyasi proseslər fonunda Bakı–Kiyev münasibətlərinin prioritetlərini aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Ukrayna arasında münasibətlərin uzunmüddətli və möhkəm siyasi baza üzərində qurulduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Bu sənədlər qarşılıqlı şəkildə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmət prinsipini təsbit edir.

Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də humanitar sahədə əməkdaşlıq idi. Görüş zamanı tərəflər Ukraynaya göstərilən humanitar dəstək məsələlərini müzakirə etmiş, Azərbaycan tərəfindən Ukrayna vətəndaşlarına, xüsusilə uşaqlara göstərilən qayğı yüksək qiymətləndirilmişdir.

Mətbuat bəyanatının mühüm istiqamətlərindən biri də hərbi-sənaye sahəsində əməkdaşlıq perspektivləri oldu. Müasir dövrdə təhlükəsizlik məsələlərinin aktuallığı fonunda bu istiqamət xüsusi əhəmiyyət daşıyır.Tərəflər arasında hərbi-texniki əməkdaşlığın inkişafı və birgə istehsal imkanlarının müzakirə edilməsi iki ölkənin müdafiə potensialının gücləndirilməsinə yönəlib. Bu, həm də regional təhlükəsizlik arxitekturasında yeni əməkdaşlıq formatlarının formalaşmasına zəmin yaradır.

Prezident İlham Əliyevin bəyanatı təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də daha geniş regional kontekstə toxunur. Ukrayna Prezidenti Zelenski Azərbaycanın mümkün sülh danışıqları üçün platforma ola biləcəyini qeyd etmişdir. Ukrayna Prezidentinin Azərbaycanın sülh danışıqları üçün potensial platforma ola biləcəyini qeyd etməsi həm Ukraynanın diplomatik axtarışlarının göstəricisi, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əlamətidir.Eyni zamanda, ölkənin regionda sabitlik və dialoq üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.

Bəyanatda vurğulanan qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsipi Azərbaycanın çoxvektorlu xarici siyasət kursuna uyğun olaraq balanslı və praqmatik münasibətlərin qurulduğunu göstərir: “Ukrayna ilə əməkdaşlıq Azərbaycanın həm Avropa məkanında mövqelərini gücləndirməsinə, həm də regional geosiyasi balansda daha fəal rol oynamasına imkan yaradır. Eyni zamanda, bu münasibətlər Şərqi Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi və siyasi körpü rolunu gücləndirərək Azərbaycanın tranzit və logistika potensialını artırır”.

Bu səfər və keçirilən görüşlər bir daha təsdiq edir ki, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq yalnız mövcud reallıqların deyil, həm də gələcək əməkdaşlıq perspektivlərinin formalaşdırılmasında mühüm amil kimi çıxış edir.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Seçilən
10
50
ikisahil.az

10Mənbələr