AZ

Aİ-də mühüm DƏYİŞİKLİK OLACAQ - Azərbaycan Brüssel formatında görüşlərə QAYIDIR

Aİ Şurasının prezidenti Şarl Mişel Belçika mediasına müsahibəsində deyib ki, iyunda Avropa Parlamenti seçkilərinə qatılacaq. Bu isə deməkdir ki, Mişel hazırda tutduğu vəzifədən istefa verməli olacaq. Şarl Mişel Aİ Şurasının ən fəal rəhbərlərindən biri sayılır. Diqqətçəkən əsas məqam isə onu əvəzləyəcək ehtimal şəxsdir. Belə ki, Şarl Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, Şuraya Macarıstanın Baş naziri Viktor Orban rəhbərlik edəcək. O, ötən iki ildə, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderlərini danışıqlar masasında bir araya gətirib.


Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə tərəflərinin mövqelərini son dərəcə yaxınlaşdıran bəyanatları Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyevlə danışıqlarından sonra verib. Baş nazir Azərbaycanın Qarabağ da daxil ərazi bütövlüyünü belə görüşlərdən biri zamanı tanıdığını deyib. Lakin Avropa İttifaqında gözlənilən dəyişiklik təkcə Mişelin vəzifəsindən mümkün gedişi deyil.


Məsələ burasındadır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan - Ermənistan arasında gedən sülh danışıqlarında fəal iştirak edən şəxslərdən biridir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurası altında Qarabağda vəziyyətin normallaşmasına, eləcə də Azərbaycanla Ermənsitan arasında mövcud münasibətlərin qorunub saxlanılmasında mühüm rol oynayan beynəlxalq təşkilatlardan biridir.


Bəs Şarl Mişelin vəzifədən getməsi Azərbaycana və hazırda davam edən sülh proseslərinə necə təsir edəcək?


Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Arzu Nağıyev Referans.az-a deyib ki, Qarabağ münaqişəsinin həllində Avropa İttifaqı Şurası Şarl Mişelin rəhbərliyi altında çox ciddi rol oynayıb:


“Şarl Mişelin də mövqeyi ondan ibarət idi ki, bir masa arxasında həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi oturub iki tərəf üçün də əlverişli bir qərar versinlər. Hətta bir neçə dəfə Fransa və Almaniya rəhbərliyi bu görüşlərdə iştirak etmək istədilər, lakin bunlar ciddi bir effekt vermədi. Bunun effekt verməməsi də ondan doğmur ki, guya Şarl Mişelin Azərbaycana qarşı münasibəti necədir, mənfidir yoxsa müsbətdir. Burda əsas məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan-Ermənistan arasında vasitəçilik missiyası olmasa daha yaxşı olar”.


Deputat qeyd edib ki, Qarabağ məsələsi həll olunandan sonra Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əsas danışıqlar delimitasiya və demarkasiyadır. Onun sözlərinə görə, Şarl Mişel Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsinin imzalanması yolunda Aİ rəhbəri kimi çox önəmli bir fiqur idi: “Lakin bu gün Mişelin Avropa Parlamentində seçkilərlə əlaqədar istefa verməsi demək olar ki artıq dəqiqləşib. Onun yerinə Macarıstanın Baş naziri Viktor Orbanın gələcəyi gözlənilir. Elə bir ciddi mövqe dəyişikliyi olacağını düşünmürəm”.


Orban həm Ukrayna proseslərində, həm də Rusiyaya münasibətdə tam fərqli bir mövqə göstərən bir rəhbərdir. Orbanın həm Azərbaycanla, həm də türk dünyası ilə müsbət mənada ciddi münasibətləri var. Təbii ki onların missiyası hətta Avropa İttifaqının rəhbəri belə olsa, birtərəfli ola bilməz. Amma hər şeyə rəğmən bizim öz daxili və xarici siyasətimiz var və bizdə vasitəçilik nə qədər az olsa, o qədər müsbət addımlar atılar – deyə Arzu Nağıyev əlavə edib.


Politoloq Turan Rzayev isə Referans.az bildirib ki, Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, Şuraya Macarıstanın Baş naziri Viktor Orban rəhbərlik edəcək:


"Macarıstan və Azərbaycan iki mühüm tərəfdaş, ortaq ölkələrdir. Baş nazir Viktor Orban ilə Prezident İlham Əliyev arasında da dostluq münasibəti var. Yəni Aİ Şurasına Viktor Orban sədrlik etsə, rəsmi Bakı yenidən Brüssel formatında keçiriləcək görüşlərə qatıla bilər. Hətta Ermənistan ilə Azərbaycan arasında ilkin sülh sənədi məhz Brüsseldə imzalana bilər. Azərbaycanın Brüssel formatından imtina etməsinin ən böyük səbəbi Şarl Mişelin Fransa Prezidenti Emmanuel Makron ilə birlikdə Azərbaycan əleyhinə sərgilədiyi mövqe və verdiyi bəyanatlar oldu. Viktor Orban sədrliyi isə Bakı üçün daha məqbul sayılır".


Politoloq qeyd edib ki, rəsmi Bakı indiki məqamda münaqişənin bitməsini çox istəyir. Onun sözlərinə görə, bu istiqamətdə sülhün əldə edilməsi üçün regional formatlarda keçiriləcək görüşlərə, ya da Ermənistanla birbaşa ikili danışıqlara üstünlük verir. Lakin V.Orbanın sədrliyi ilə Brüssel görüşlərinə yenidən nəzər yetirmək olar.




"Bununla belə V.Orbanın sədr olması elə də asan deyil. Fransa bunun olmaması üçün maksimum səy göstərəcək. Rəsmi Paris Şarl Mişelin vəzifədən getməsindən sonra Aİ Şurasının yeni sədr təyinatını tezləşdirə, hətta öz maraqlarına uyacaq şəxsin seçilməsi üçün əlindən gələni edə bilər. Belə olacağı təqdirdə isə Bakının mövqeyi dəyişməz olaraq qalacaq və onsuz da gündəmdə olmayan Brüssel görüşləri tarixə qovuşacaq",- deyə Turan Rzayev əlavə edib.  


Aqil Qarayev

Seçilən
417
50
oxu.az

10Mənbələr