AZ

90 milyard avro verildi, bəs sonra?

 
 
Ekspert: "Pul kreditdirsə, deməli qarşılığında şərtlər var”
 
Avropa İttifaqı (Aİ) 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq maliyyələşdirmənin təsdiqi prosesini başa çatdırıb. Aİ, həmçinin, Rusiyaya qarşı 20-ci sanksiyalar raundunu qəbul edib.
 
Bu 90 milyard  avro Ukrayna üçün nə deməkdir? Niyə həmin kredit üçün bunca mübarizə getdi? Macarıstanı razı salmaq üçün “Drujba” kəmərinin işə salınmasına Kiyev razılıq verməli oldu? Ümumiyyətlə, müharibənin 4-cü ilində Ukraynanın iqtisadi göstəriciləri necədir?   
 
Picture
 
İqtisadçı ekspert Fikrət Yusifov Musavat.com-a  Ukraynaya ayrılması müzakirə olunan böyük maliyyə paketi və Avropa İttifaqı daxilində yaranan siyasi ziddiyyətlərlə bağlı geniş açıqlama verib. Onun sözlərinə görə, proses təkcə iqtisadi deyil, eyni zamanda ciddi geosiyasi maraqların toqquşması fonunda formalaşıb. Fikrət Yusifov bildirib ki, bu maliyyə yardımının təsdiqi uzun müddət bloklanmış vəziyyətdə qalıb: “Bu dövrdə də bu müzakirə üçün vacib bir məsələ var idi. Uzun müddət Macarıstanın baş naziri Viktor Orban həmin yardımın ayrılmasına veto qoyurdu. Bunun da bəlli səbəbləri var idi”. 
 
Ekspert qeyd edib ki, veto qərarının arxasında əsasən enerji və tranzit xətləri ilə bağlı narahatlıqlar dayanırdı: “Səbəb ondan ibarət idi ki, bu nəql kəmərindən Ukrayna ərazisində istifadə olunması məsələsi vardı. Həmin kəmər vasitəsilə həm Qazaxıstan, həm Rusiya enerji daşıyırdı. Orada ciddi strateji maraqlar toqquşurdu”.
 
Onun sözlərinə görə, bu məsələ təkcə iqtisadi yox, həm də siyasi təzyiq aləti kimi istifadə olunurdu: “Vetonu götürmək üçün şərtlər irəli sürülürdü. Onlardan biri də bu idi ki, Ukrayna həmin kəmərin müəyyən hissələrində dəyişikliklər etsin, tranzit və nəzarət mexanizmlərini dəyişsin. Bundan sonra veto məsələsi yumşala bilərdi”.
 
Picture
 
Fikrət Yusifov qeyd edib ki, sonradan vəziyyət dəyişib və Avropa İttifaqı daxilində yeni siyasi balans yaranıb: “İndi artıq həmin kəmər üzrə məsələlər müəyyən qədər tənzimlənib. Yeni baş verən siyasi dəyişikliklər fonunda əvvəlki sərt veto mövqeyi zəifləyib”.
 
Onun sözlərinə görə, bu dəyişikliklər Ukraynaya maliyyə yardımının yolunu açıb: “Veto geri götürüldükdən sonra təbii olaraq Ukrayna həmin böyük maliyyə paketini almağa başlayıb. Bu, artıq siyasi qərardır”.
 
Ekspert müharibənin gedişinə də toxunaraq bildirib ki, Ukrayna artıq yalnız müdafiə edən tərəf deyil: “Ukrayna artıq Rusiyanın dərinliklərində müəyyən strateji hədəflərə təsir edə bilir. Yəni müharibə əvvəlki mərhələdə deyil, yeni bir mərhələyə keçib”.
 
Onun sözlərinə görə, bu vəziyyət Ukraynanın danışıqlardakı mövqeyini də dəyişir: “Bu artıq Ukraynanın əlini gücləndirir. Çünki yalnız müdafiə yox, həm də strateji təsir imkanları yaranır”.
 
Maliyyə paketinin mahiyyətinə toxunan Fikrət Yusifov bildirib ki, söhbət böyük həcmli kreditdən gedir: “Söhbət 90 milyardlıq paketdən gedir. Bu, kreditdir və təbii ki, onun qaytarılması mexanizmi var”. 
 
O, kreditin şərtlərinin hələ tam ictimaiyyətə açıqlanmadığını vurğulayıb: “Bu kredit Avropa İttifaqı ilə Ukrayna arasında razılaşdırılır. Biz bütün detalları bilmirik. Amma şübhəsiz ki, orada həm müddət, həm də ödəniş şərtləri var”.
 
Ekspert qeyd edib ki, bu tip maliyyə dəstəkləri heç vaxt tam “əvəzsiz” olmur: “Heç bir dövlət başqa bir dövlətə tam əvəzsiz yardım etmir. Kreditdirsə, deməli qarşılığında şərtlər var”. Onun fikrincə, Ukraynanın gələcək iqtisadi potensialı bu borcun ödənilməsində rol oynaya bilər: “Müharibədən sonra Ukraynanın iqtisadi imkanları genişlənə bilər. O zaman bu kreditlərin qaytarılması da daha real görünəcək”.
 
Eyni zamanda o, gələcək siyasi qərarların da mümkün olduğunu istisna etməyib: “Sabah Avropa İttifaqı qərar verə bilər ki, bu kreditin bir hissəsi silinsin və ya şərtləri dəyişdirilsin. Bu da mümkündür”. Fikrət Yusifov sonda bildirib ki, Qərbin Rusiyaya qarşı yeni sanksiya mərhələsi də ümumi prosesə ciddi təsir göstərir: “Artıq Rusiyaya qarşı 20-ci sanksiya paketi müzakirə olunur. Xüsusilə enerji sektoruna yönəlmiş məhdudiyyətlər vəziyyəti daha da ağırlaşdırır”.
 
E.Məmmədəliyev, 
Musavat.com
 
Seçilən
11
50
musavat.com

10Mənbələr