ABŞ Prezidenti Donald Tramp Pakistan rəhbərliyinin müvafiq xahişi ilə İranla atəşkəs rejiminin uzadıldığını bəyan edib.
Hakimiyyet.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Eyni zamanda, Ağ Ev rəhbərinin sözlərinə görə, İran limanlarının blokadası qüvvədə qalacaq.
"Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin onun liderləri və nümayəndələri vahid təklif hazırlayana qədər İrana hücumları dayandırmaq xahişinə əsasən, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən hazır və fəaliyyət qabiliyyətli qalmağı tapşırdım, beləliklə, onların təklifi təqdim edilənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadıram", - Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.(Report)