Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharını keçirib.
Azərbaycanın ABŞ-dəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ABŞ-nin Müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff, eyni zamanda, ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər.
Tədbirdə çıxış edən Emi Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar — xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb.
Qeyd edilib ki, Rebeka Neff və USTDA nümayəndə heyətinin səfəri bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır.
Emi Karlon Azərbaycanın regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu diqqətə çatdırıb, həmçinin hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bildirilib ki, bu səylər qarşılıqlı investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın yüksəlməsinə töhfə verəcək. Sonda o, ABŞ–Azərbaycan münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə “AmCham Azərbaycan”a təşəkkürünü bildirib.
Qeyd edək ki, “AmCham Azərbaycan” ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.