“Mançester Siti”nin portuqaliyalı hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda İngiltərə klubundan ayrılacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub futbolçunun komandadan ayrılacağını bəyan edib. Silva özü də sosial şəbəkə hesabında klubdan gedəcəyini təsdiqləyib və hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Tərəflər yeni müqavilə bağlamaqda maraqlı olmadıqları üçün vidalaşmağa qərar veriblər.
Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 44 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 451 oyun, 76 qol, 77 məhsuldar ötürmə.
Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Federasiya Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.
Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 107 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.
